Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qarlı hava şəraitində baş vermiş hadisələrə görə 3 milyon manata yaxın sığorta ödənişi nəzərdə tutulub.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.
Qeyd edilib ki, cari ilin 21 fevral – 2 mart tarixləri aralığında ölkə ərazisində qeydə alınan intensiv qarlı və şaxtalı hava şəraiti nəticəsində bir sıra hadisələr qeydə alınıb.
Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara zərər dəyib.
Son məlumatlara görə, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 4414 müraciət daxil olub.
Bu müraciətlərin 3721-i “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 676-sı “Kasko” sığorta növü, 17-si isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələr ilə əlaqədar olub.
Sektordan aldığımız məlumata görə, 3215 hadisə üzrə ehtimal olunan zərər məbləği 2 milyon 708 min 396 manat həcmində müəyyən olunub, 1199 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.