Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Aşağı qan təzyiqi və ya hipotoniya hipertoniyadan (yüksək qan təzyiqi) heç də az təhlükəli deyil".
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim Şota Kalandiya Lenta.ru nəşrinə müsahibəsində danışıb.
Həkim bildirib ki, aşağı qan təzyiqi zamanı qan toxumalara oksigeni daha yavaş çatdırır. Bu isə zəiflik, başgicəllənmə, tez yorulma və başda dumanlanma hissinə səbəb olur. Bəzi insanlarda, xüsusilə bədən vəziyyəti qəfil dəyişdikdə qulaqlarda küy, güclü tərləmə və qısamüddətli huşunu itirmə halları müşahidə oluna bilər.
Şota Kalandiya qeyd edib ki, hipotoniya anemiya, qalxanabənzər vəzinin xəstəlikləri, aritmiya, xroniki ürək və ya böyrəküstü vəzi çatışmazlığı kimi bir çox gizli pozuntular fonunda yarana bilər. Bundan əlavə, vegetativ disfunksiya, xroniki yorğunluq sindromu, kəskin B vitamini çatışmazlığı, susuzlaşma, zəhərlənmə və gizli qan itkisi də qan təzyiqinin aşağı düşməsinə səbəb ola bilər.
Həkimin sözlərinə görə, aşağı qan təzyiqi həyat keyfiyyətinə ciddi mənfi təsir göstərir: "Daimi enerji çatışmazlığı, yuxululuq və iş qabiliyyətinin azalması koqnitiv (idrak) funksiyaların pozulmasına gətirib çıxarır. Diqqəti cəmləmək və informasiyanı yadda saxlamaq çətinləşir, fiziki yüklənmələrə dözümlülük azalır".