“ASAN” (DAŞINMAZ ƏMLAK) Xidmətinin də öz(başınalıq) KONSTİTUSİYASI var? İLGİNC FAKTLAR

04.02.2026

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağ əlilinin mülkiyyət sənədi ilyarımdır qanunsuz ödəniş tələb edilərək verilmir

“Veteranlar haqqında” qanunun 11-ci maddəsinə görə, müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri ƏVƏZSİZ olaraq onların şəxsi mülkiyyətinə verilir. Qanunun icrası və tətbiqi məcburi olsa da, daşınmaz əmlak xidmətçiləri icra əvəzinə ciblərinə uyğun “təfsir xidməti”nə üstünlük verib, ilyarımdır hazır mülkiyyət sənədini ödənişsiz verməkdən imtina edirlər. Heç demə qanunda “şəxsi mülkiyyətə vermək” yazılıb, bunun əmlaka qeydiyat çıxarışı verilməsinə aidiyyatı yoxdur. (?) “əvəzsiz şəxsi mülkiyyət” anlayışını ali dövlət hakimiyyəti səviyyəsində anladandan sonra isə “Dövlət rüsumu haqqında” qanunda müharibə veteranlarının daşınmaz əmlakın qeydiyyatı zamanı rüsumdan azad olunmasının yazılmadığı bildirilib.

Bəs Tarif Şurasının 31.07.2023-cü il tarixli qərarı ilə qanuni dövlət rüsumundan (50 manat) ortalıq 5 dəfə çox (236,86 manat) qanunsuz rüsum tutulması necə? Axı “Dövlət rüsumu haqqında” qanunun 1-ci maddəsində müvafiq dövlət orqanından özgə heç kəsin rüsum müəyyən edə bilməzliyi təsbit olunub! Tarif Şurasının (TŞ) rüsum müəyyən etməsi, onu zorla almadan əmlak sənədini verməməsi ciddi qanun pozuntusu olsa da, prokurorluq heç bir tədbir görmür, yalnız şikayəti qanunvericiliyə zidd olaraq barəsində şikayət edilən quruma göndərib cavab verməyi xahiş edir. Təbii ki, belə “xahiş-minnətlə” özbaşınalığa son qoyulması müşkülə çevrilib.

Ədalət adına deyək ki, Milli Məclis bu məsələdə prinsipial mövqe sərgilədi və 30.12.2025-ci il tarixli qanunla “Dövlət rüsumu haqqında” qanuna 27.7-ci maddə əlavə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi, Çernobıl əlillərinin, şəhid ailələrinin daşınmaz əmlakla bağlı bütün əməliyyatlarda dövlət rüsumu ödəməkdən azad olmalarını rəsmiləşdirdi. Prezident bu əlavə və dəyişiklikləri 09.01.2026-cı il tarixli Fərmanı ilə təsdiq edəndən sonra ƏMDX-nın daha bəhanəsinin qalmadığı gözlənilirdi. Di gəl,sən gözləməyində ol, gör əmlak
xidmətçiləri nə fikirləşirlər.

29.01.2026-cı ildə 5 saylı “ASAN” Xidmət Mərkəzində Qarabağ əlilinə ortalıq 250 manatlıq Tarif Şurasının müəyyən etdiyi “dövlət rüsumu”nun qüvvədə olduğu, Prezidentin təsdiq etdiyi 30.12.2025-ci il tarixli dövlət rüsumundan azadolmanın geriyə qüvvəsinin olmadığı bildirilib. Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin -fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin GERİYƏ ŞAMİL EDİLMƏSİnin diqqətə çatdırılması da yardıma çatmayıb. “Dedığım dedikdir”dən belə çıxır ki, ƏMDX-nın da öz(başınalıq) konstitusiyası qüvvədədir.
Baş prokurorluğun 161 xidməti şikayəti qeydə almaqdan imtina edib, 961 zəngi götürməyib. DİN-in 102 xidməti, hər çağ oldugu kimi, anında qeydə alıb. Görək, hər qurumun öz(başınalıq) “konstitusiyası” korrupsiyasına qiymət veriləcəkmi?

Məğrur BƏDƏLSOY

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью