“ASAN xidmət” beynəlxalq nümunədir Rania A. Əl Məşat

05.11.2026

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Dövlət idarəçiliyində innovasiyaların əsas məqsədi mürəkkəb islahatlar həyata keçirmək deyil, insanların daha keyfiyyətli xidmətlərə, ədalətli imkanlara və etibarlı dövlət institutlarına çıxışını təmin etməkdir.

SİA xəbər verir ki, bunu BMT Baş katibinin müavini, BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (ESCWA) icraçı katibi Rania A. Əl-Məşat Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, sammit ölkələr arasında təcrübə mübadiləsi aparmaq, idarəetmə sahəsində qabaqcıl təcrübələri öyrənmək, dövlət sektorunda transformasiyanı sürətləndirmək və beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından mühüm fürsətdir.

R.Əl-Məşatın sözlərinə görə, hökumətlərin milli inkişaf strategiyaları və iddialı islahat proqramları olsa da, əsas çətinlik bu hədəfləri real nəticələrə çevirəcək institusional mexanizmlərin qurulmasıdır. Səlahiyyətlər, büdcələr, bacarıqlar və hesabatlılıq mexanizmləri arasında uzlaşma olmadıqda, ən güclü strategiyaların belə həyata keçirilməsi çətinləşir.

O vurğulayıb ki, dövlət potensialının gücləndirilməsi əlavə bürokratik maneələrin yaradılması demək deyil. Əsas məqsəd çətinlikləri qabaqcadan görən, məlumatlara əsaslanan qərarlar qəbul edən, resursları səmərəli səfərbər edən və dəyişən şəraitə uyğunlaşan institutlar formalaşdırmaqdır.

ESCWA-nın icraçı katibi Azərbaycanın “ASAN xidmət” modelini bu istiqamətdə uğurlu nümunə kimi qiymətləndirib. O qeyd edib ki, 2012-ci ildə yaradılan model dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaş məmnuniyyətinin təmin olunması baxımından digər ölkələr üçün də örnək ola bilər.

R.Əl-Məşat sammit çərçivəsində BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin müvafiq qurumu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumunun imzalanacağını da açıqlayıb. Memorandum “ASAN xidmət” təcrübəsinin ərəb regionunda yayılmasını, qarşılıqlı təcrübə mübadiləsini və dövlət idarəçiliyi sahəsində innovasiya təşəbbüslərini təşviq etməyi nəzərdə tutur.

O, münaqişədən zərər çəkmiş ərazilərdə yenidənqurmanın yalnız fiziki bərpa ilə məhdudlaşmadığını, eyni zamanda dövlət institutlarının və onlara ictimai etimadın bərpasını tələb etdiyini bildirib. Bu prosesdə iqtisadi potensialın bərpası, səmərəli və hesabatlı institutların qurulması, regional bazarlara və infrastruktura inteqrasiya mühüm əhəmiyyət daşıyır.

R.Əl-Məşat dövlət potensialının gücləndirilməsi üçün strateji planlaşdırma, liderlik, hökumətdaxili koordinasiya, səmərəli icra sistemləri, peşəkar dövlət qulluğu və hesabatlılıq mexanizmlərinin inkişafını əsas istiqamətlər kimi diqqətə çatdırıb.

Onun sözlərinə görə, dövlət qulluqçularının bacarıqlarının artırılması ilə yanaşı, onların problemləri həll etmək üçün lazımi səlahiyyət, məlumat və stimullarla təmin edilməsi də vacibdir. Dövlət institutları daim öyrənən, fəaliyyətini qiymətləndirən və təkmilləşdirən sistemlərə çevrilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью