Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ASAN Xidmət təcrübəsi hazırda 52 ölkədə öyrənilir, altı ölkədə isə bu təcrübə əsasında 600-dən çox xidmət mərkəzi fəaliyyət göstərir.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyinə həsr olunmuş hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, 14 il əvvəl Prezidentin təşəbbüsü ilə yaradılan ASAN Xidmətin əsas məqsədi dövlət qulluqçuları ilə vətəndaşlar arasında yeni münasibət modelinin formalaşdırılması və xidmət mədəniyyətinin inkişaf etdirilməsi olub.
Ü.Mehdiyevin sözlərinə görə, bu məqsədlə ASAN Xidmət yarandığı gündən əməkdaşların peşəkar hazırlığına xüsusi diqqət yetirilib və onlar mütəmadi olaraq təlimlərə cəlb olunublar.
Agentlik sədri qeyd edib ki, ASAN Xidmət dövlət xidmətləri sahəsində institusional islahat nümunəsi kimi yeni xidmət mədəniyyəti formalaşdırıb. Bu təcrübənin digər dövlət qurumları və xidmət sektorunda fəaliyyət göstərən təşkilatlarla bölüşdürülməsi məqsədilə ASAN İnnovativ İnkişaf Mərkəzi yaradılıb.
O vurğulayıb ki, mərkəz hazırda həm ASAN əməkdaşlarına, həm də dövlət qurumlarına və özəl şirkətlərə xidmət sahəsində formalaşmış bilik və təcrübəni ötürür.
Ü.Mehdiyev bildirib ki, ASAN Xidmət təcrübəsi Azərbaycanın beynəlxalq miqyasda tanınan xidmət modellərindən birinə çevrilib. Onun sözlərinə görə, xarici ölkələrlə bilik və təcrübə mübadiləsində mərkəzin təlimçiləri və təlim platformaları mühüm rol oynayır.
Agentlik sədri əlavə edib ki, ASAN İnnovativ İnkişaf Mərkəzi yalnız təlim müəssisəsi deyil, həm də ölkə üzrə fəaliyyət göstərən təlimçilər və təlim şirkətləri üçün platformadır. Mərkəzin məqsədlərindən biri Azərbaycanda təlim sahəsinin inkişafına dəstək olmaq və yerli mütəxəssislərə öz fəaliyyətlərini genişləndirmək üçün imkanlar yaratmaqdır.