Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi mühüm innovativ təcrübə beynəlxalq miqyasda diqqət çəkməkdə davam edir. Vətəndaşlara dövlət xidmətlərinin daha çevik, şəffaf və rahat şəkildə göstərilməsini təmin edən “ASAN xidmət” modeli bu dəfə Karib hövzəsinə doğru genişlənir. Dominikan Respublikasının da bu modelin tətbiq olunacağı ölkələr sırasına qoşulması “ASAN xidmət”in beynəlxalq əlaqələrdə artan nüfuzunun və Azərbaycan təcrübəsinə göstərilən marağın növbəti göstəricisidir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” ölkədə dövlət-vətəndaş münasibətlərinin yeni müstəvidə qurulmasına mühüm töhfə verib. Modelin əsasını vətəndaş məmnunluğunun artırılması, dövlət xidmətlərinin bir məkanda, daha operativ və şəffaf şəkildə göstərilməsi, innovativ texnologiyalardan geniş istifadə və korrupsiya risklərinin minimuma endirilməsi təşkil edir.
2012-ci ildə fəaliyyətə başlayan “ASAN xidmət” qısa müddətdə Azərbaycanın uğurlu dövlət idarəçiliyi nümunələrindən birinə çevrilib. Bu təcrübəyə beynəlxalq səviyyədə marağın artması Azərbaycanın yalnız iqtisadi və siyasi deyil, dövlət idarəçiliyi və sosial innovasiyalar sahəsində də öz təcrübəsini təqdim edən ölkə kimi mövqeyini gücləndirir. Hazırda “ASAN xidmət”in təcrübəsinin müxtəlif ölkələrdə öyrənilməsi və tətbiqi Azərbaycanın beynəlxalq əməkdaşlıq gündəliyinin mühüm istiqamətlərindən birinə çevrilib. Modelin yeni ölkələrə ixracı Azərbaycan dövlətinin institusional təcrübəsinin beynəlxalq səviyyədə tanınmasının göstəricisi olmaqla yanaşı, ölkənin “yumşaq güc” imkanlarının genişlənməsinə də xidmət edir.
Bu istiqamətdə növbəti mühüm addım Dominikan Respublikasında atılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Dominikan Respublikasının paytaxtı Santo Dominqoda səfər edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Dominikan Respublikası Prezident Ofisinin naziri Xose İqnasio Palisa arasında görüş keçirilib.
Görüş zamanı Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modeli, vətəndaşyönümlü dövlət xidmətlərinin təşkili və dövlət idarəçiliyində innovativ yanaşmalar barədə təqdimatla çıxış edib. Dominikan tərəfi Azərbaycanla mövcud əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Görüşdə “ASAN xidmət” təcrübəsinin paylaşılmasının iki ölkə arasında dövlət idarəçiliyi sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti Dominikan Respublikasının Dövlət İdarəçiliyi naziri Siqmund Freund ilə də görüşüb. Görüşün nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Dominikan Respublikasının Dövlət İdarəçiliyi Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd “ASAN xidmət” modelinin Dominikan Respublikasında tətbiqini, bu istiqamətdə Dominikan dövlət qulluqçuları üçün Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən təlimlərin keçirilməsini və zəruri standartların hazırlanmasını nəzərdə tutur.
Bu sənəd xüsusi əhəmiyyət daşıyır. Belə ki, memorandum “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə təşviqi və ixracı istiqamətində Karib hövzəsi dövlətləri ilə imzalanmış ilk sənəddir. Bununla yanaşı, Dominikan Respublikası “ASAN xidmət” modelinin ixrac olunacağı 53-cü ölkə olacaq. Bu fakt “ASAN xidmət”in coğrafi miqyasının genişlənməsi ilə yanaşı, Azərbaycanın dövlət idarəçiliyi sahəsində formalaşdırdığı modelin müxtəlif regionların ehtiyaclarına uyğunlaşdırıla bildiyini də göstərir. Avropa, Asiya, Afrika və digər regionlardan sonra Karib hövzəsinin də bu təcrübəyə maraq göstərməsi “ASAN xidmət”in beynəlxalq platformalarda tanınmasının daha bir göstəricisidir.
Əslində, “ASAN xidmət”in beynəlxalq nüfuzunun artması təsadüfi proses deyil. Modelin əsas üstünlüyü dövlət xidmətlərini vətəndaşın ehtiyacları ətrafında təşkil etməsidir. Bu yanaşma müasir dövlət idarəçiliyinin əsas prinsiplərindən olan şəffaflıq, operativlik, əlçatanlıq, innovasiya və vətəndaş məmnuniyyəti ilə uzlaşır. Azərbaycan üçün “ASAN xidmət”in xarici ölkələrə ixracı həm də mühüm diplomatik və institusional əhəmiyyət daşıyır. Çünki bu əməkdaşlıq yalnız təcrübə mübadiləsi ilə məhdudlaşmır, dövlət qurumları arasında uzunmüddətli əlaqələrin yaranmasına, Azərbaycan mütəxəssislərinin beynəlxalq təcrübəsinin genişlənməsinə və ölkəmizin müasir idarəçilik modeli formalaşdıran dövlət kimi tanınmasına imkan yaradır.
Bu baxımdan Dominikan Respublikasında imzalanan memorandum “ASAN xidmət”in beynəlxalq əlaqələrdə artan nüfuzunun növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Karib hövzəsinə çıxış Azərbaycanın innovativ dövlət idarəçiliyi təcrübəsinin yeni coğrafiyaya çatdırılması baxımından da əhəmiyyətlidir. Görüşlərdə Azərbaycanın Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev də iştirak edib.
Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modeli artıq yalnız Azərbaycanın dövlət xidmətləri sisteminin mühüm elementi deyil, ölkəmizin beynəlxalq miqyasda təqdim etdiyi uğurlu idarəçilik və sosial innovasiya nümunələrindən biri kimi çıxış edir. Dominikan Respublikasının 53-cü ölkə olaraq bu təcrübəyə qoşulması isə modelin beynəlxalq nüfuzunun və ixrac coğrafiyasının davamlı şəkildə genişləndiyini göstərir.
S.ELAY,
XQ