ASAP tərəfindən Gənclər Günü münasibətilə silsilə tədbirlər təşkil olunub | Icma.az
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 2 fevral, AZƏRTAC Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib.
ASAP-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi, Almaniya Azərbaycan Mədəniyyət Mərkəzi və ASAP-ın birgə təşkilatçılığı ilə Almaniyada yaşayan azərbaycanlı tələbə və məzunların şəbəkələşmə görüşü baş tutub.
Görüş zamanı gənclər il ərzində göstərdikləri fəaliyyət və gələcək prioritetlər barədə danışıblar.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək Azərbaycan Gəncləri Gününün yaranma tarixi və ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurları haqqında məlumat verib.
Eyni zamanda, Almaniyada yaşayan azərbaycanlı gənclərin ölkəmizin mədəni irsinin təbliğində fəal iştirakı və gələcəkdə bu istiqamətdə icrası nəzərdə tutulan fəaliyyətlərlə bağlı müzakirələr aparılıb.Gənclər Fondunun dəstəyi, ASAP-ın təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş şəbəkələşmə tədbiri də keçirilib.
ASAP-ın İdarə Heyəti, məzun birlikləri və xarici nümayəndəliklərin üzvlərinin iştirakı ilə baş tutan tədbir zamanı gənclər müxtəlif şəbəkələşmə fəaliyyətləri vasitəsilə bir-birlərini yaxından tanımaq, xaricdə təhsil zamanı qazandıqları təcrübələri bölüşmək imkanı əldə ediblər.
Tədbirdə çıxış edən ASAP-ın İdarə Heyətinin sədri Milana Mir Feyzullazadə, ASAP-ın icraçı direktoru Sevda Mansurova və Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə azərbaycanlı gənclərin beynəlxalq arenada layiqli təmsilçiliyi, dövlətin gənclərə olan qayğısı və bu istiqamətdə həyata keçirilən uğurlu layihələr barədə danışıblar.
Tam oxu
Xəbəri oxu