525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Asiman" qalereyasında Azərbaycanın tanınmış rəssamı İntiqam Ağayevin "Susuzluq" adlı sərgisi davam edir.
525.az xəbər verir ki, "Susuzluq" rəssamın müasir dövrün ən aktual problemlərindən birinə - həyatın və yaddaşın mənbəyi olan su ehtiyatlarının tükənməsinə həsr olunmuş yeni işlər silsiləsidir.
Əsərlərdə Xəzər dənizinin və Kür çayının quruması, Abşeronun təbii landşaftının deqradasiyası əks olunub. Bu ekoloji faktlar itki, narahatlıq və dünyanın kövrəkliyi kimi anlayışların vizual metaforaları şəklində təqdim edilib.
"Asiman" təxəllüsü ilə tanınan rəssamın yaradıcılığında Abşeron məkanı keçmişlə bugünün, təbiətlə insan müdaxiləsinin nəticələrinin toqquşduğu məkandır. Rəsmlərdə torpaqdakı çatlar və suyun nadir izləri yaddaşı və zaman burulğanlarını simvolizə edir.
"Susuzluq" silsiləsi ekoloji fəlakətin sadə illüstrasiyası deyil, daha çox emosional jest və bədii şahidlikdir. Rəssam boyakarlıq dili vasitəsilə tamaşaçıları insan məsuliyyətinin sərhədləri və laqeydliyin bədəli haqqında düşünməyə vadar edir.
Qeyd edək ki, “Asiman” qalereyasının direktoru rəssam İqbal Həsənəlizadədir. Qalereya paytaxtın mərkəzində yerləşən, Azərbaycan Rəssamlar İttifaqına məxsus binanın mansard mərtəbəsində fəaliyyət göstərir və eyni zamanda yaradıcılıq emalatxanası funksiyasını daşıyır. Qalereyada hər ay yenilənmiş ekspozisiya təqdim olunacaq.
Sərgi 28 fevrala qədər davam edəcək, növbəti sərgi Novruz bayramı mövzusuna həsr olunacaq.