“Aşıq Ələsgər Ocağı”nda məclis

29.10.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə İraq-türkman mədəniyyətində aşıqlıq ənənəsinə həsr olunan məclis keçirilib. Toplantıda İraq türkmanlarının zəngin folklor irsi, aşıq sənətinin tarixi kökləri və Türk dünyasının ortaq mədəni dəyərlərindəki yeri diqqətə çatdırılıb. Çıxışlarda aşıq sənətinin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər tədqiqatçı, şair və yazıçı, “Kərkük” qəzetinin baş redaktoru Şəmsəddin Kuzəçinin birliyin ilk rəsmi qonağı olmasından qürur duyduğunu bildirib. Kərkük aşıq ənənəsinin öyrənilməsi və təbliğinin əhəmiyyətinə toxunub, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin Türk dünyasının ortaq mənəvi dəyərlərinin qorunmasına töhfə verdiyini vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin milli-mədəni irsin yaşadılmasına, aşıq sənətinin təbliğinə yönəldiyini diqqətə çatdırıb.

İctimai Birliyin İdarə Heyətinin üzvü Taleh Əliyev Şəmsəddin Kuzəçinin həyat və yaradıcılığından, eləcə də Kərkük türkmanların üzləşdiyi tarixi çətinliklərdən bəhs edib. O, Şəmsəddin bəyin gənclik illərində dostunun toy məclisində xoyrat söylədiyinə görə həbs olunduğunu, son anda ölüm təhlükəsindən xilas olaraq Türkiyəyə sığındığını qeyd edib.

Şəmsəddin Kuzəçi folklorun xalqların milli kimliyini və tarixi yaddaşını yaşadan ən mühüm mənəvi qaynaqlardan biri olduğunu bildirib. O qeyd edib ki, müxtəlif coğrafiyalarda yaşayan xalqların folklor nümunələri zaman keçdikcə müəyyən dəyişikliklərə məruz qalır. Bu fərqlər xalqlar arasında qarşılıqlı ünsiyyətin, mədəni təsirlərin və dil əlaqələrinin nəticəsi kimi meydana çıxır. Lakin bütün bu dəyişikliklərə baxmayaraq, folklorun özəyindəki milli ruh, tarixi yaddaş və mənəvi dəyərlər öz varlığını qoruyub saxlayır.

Məclis sazın ecazkar sədaları və aşıq sənətinin könüllərə yol tapan nümunələri ilə başa çatıb.

Fidan ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью