Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan, Butan, Qazaxıstan, Qırğızıstan, Pakistan və Tailandın iştirakı ilə yeni flaqman proqramını – İqlim İnkişafı Platformasını işə salmağı planlaşdırır.
Təşəbbüsün əsas məqsədi bankın inkişaf etməkdə olan üzv ölkələrinə bəyannamə xarakterli iqlim öhdəliklərindən real investisiyalara və iqtisadiyyatın praktiki dekarbonizasiyasına keçməkdə kömək etməkdir. Proqramın icrası üçün ADB 5,2 milyon ABŞ dolları məbləğində texniki yardımın ayrılması gözlənilir. Enerji Keçidi Mexanizminin Tərəfdaşlıq üzrə Etimad Fondundan ən böyük maliyyələşdirmə paketlərini Qazaxıstan, Qırğızıstan və Pakistan alacaq – onların hər birinə 1 milyon ABŞ dolları ayrılması nəzərdə tutulub. Bundan əlavə, Azərbaycan üçün 500 min ABŞ dolları, Butan üçün 300 min ABŞ dolları məbləğində texniki yardım planlaşdırılıb, Pakistan isə əlavə 350 min ABŞ dolları əldə edəcək. Daha 1,05 milyon ABŞ dolları ümumregional ehtiyaclar üçün nəzərdə tutulub. Vəsaitin bu hissəsi, habelə Azərbaycan, Butan və Pakistan paketləri üçün maliyyələşdirmə mənbələri hazırda müəyyənləşdirilir.
"Climate Advance" proqramı 3 bir-biri ilə əlaqəli iş mərhələsi vasitəsilə bu boşluğu aradan qaldırmaq məqsədi daşıyır. Birinci mərhələdə mütəxəssislər ölkələrə "yaşıl keçid"in uzunmüddətli yollarını və strategiyalarını müəyyənləşdirməyə kömək edəcəklər. Daha sonra bu strategiyalar konkret prioritet investisiya proqramlarına, siyasətin islahatı planlarına və maliyyələşdirmə mexanizmlərinə çevriləcək.
İlkin mərhələdə texniki yardım milli səviyyədə müəyyən edilmiş töhfələr 3.0 çərçivəsində öz öhdəliklərinin icrasını gücləndirməyə və irimiqyaslı iqlim sərmayələri üçün əlverişli mühit formalaşdırmağa çalışan Asiya-Sakit Okean regionu dövlətlərini əhatə edəcək. İş iştirakçı ölkələrin maliyyə, planlaşdırma, energetika, nəqliyyat və ətraf mühitin mühafizəsi nazirlikləri ilə sıx koordinasiyada, ümumi dövlət yanaşması əsasında qurulacaq. Sahəvi ekspertizanın təmin edilməsi üçün ADB çərçivə sazişləri daxilində beynəlxalq və milli konsaltinq şirkətlərini cəlb edəcək, həmçinin layihənin birbaşa koordinasiyası üçün biri beynəlxalq və ikisi milli olmaqla 3 fərdi məsləhətçi işə götürəcək.
XQ