Asiya Kubokunda 2 medal

30.10.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması İraqın Süleymaniyə şəhərində 19 ölkədən 120 idmançının iştirakı ilə keçirilən Asiya Kubokunun 2-ci mərhələsində qızıl medal qazanıb.

Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət kollektiv finalda Qazaxıstan yığmasına 5:4 hesabı ilə qalib gəlib.

Azərbaycan yığması qarışıq komanda yarışlarında da uğurlu nəticə göstərib. Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev finalda İran təmsilçilərinə məğlub olaraq 2-ci yeri tutublar.

Beləliklə, yığmanın aktivində artıq iki medal - bir qızıl və bir gümüş medal var.

Qeyd edək ki, turnir Ümumdünya Kamandan Oxatma Federasiyasının rəsmi təqviminə daxil olan Dünya reytinq turniri statusuna malikdir. Bu yarış idmançılara dünya reytinqində xal toplamaq, beynəlxalq mövqelərini möhkəmləndirmək və Yay Olimpiya Oyunlarının təsnifat mərhələləri də daxil olmaqla qarşıdakı mühüm beynəlxalq yarışlara hazırlıq baxımından dəyərli təcrübə qazanmaq imkanı yaradır.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью