Asiyadan Azərbaycana açılan yeni pəncərə

24.11.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnama dövlət səfəri öncəsi bu ölkənin Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın xarici siyasətinin prioritetlərini, Asiya istiqamətində artan diplomatik fəallığını və ölkəmizin beynəlxalq əməkdaşlıq sistemində mövqeyini əks etdirən mühüm siyasi hadisədir.

Prezidentin səsləndirdiyi fikirlər Azərbaycanın Cənub-Şərqi Asiya regionu ilə əlaqələri genişləndirmək, yeni iqtisadi tərəfdaşlıqlar qurmaq və beynəlxalq mövqelərini daha da möhkəmləndirmək strategiyasının tərkib hissəsidir.
İlk növbədə, müsahibədə Azərbaycan–Vyetnam münasibətlərinin tarixi köklərinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Bu münasibətlərin təxminən 70 illik tarixi var. 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Bakıya səfəri, Heydər Əliyevin 1983-cü ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini statusunda Vyetnama səfəri xalqlarımız arasında dostluğun və qarşılıqlı etimadın formalaşmasında mühüm rol oynayıb.
Bu tarixi irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu sənədin əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Vyetnam qarşılıqlı əlaqələri sadəcə ənənəvi dostluq və diplomatik əlaqələr səviyyəsində deyil, uzunmüddətli strateji maraqlar əsasında inkişaf etdirmək niyyətindədirlər.
İkinci mühüm məsələ siyasi etimad və beynəlxalq dəstək məsələsidir. Prezident İlham Əliyev Vyetnamın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi xüsusi vurğulayıb. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi tutduğu ədalətli mövqeyə görə minnətdarlıq ifadə olunub. Eyni zamanda, bu məqam göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə dost ölkələrlə siyasi dialoqun və qarşılıqlı dəstəyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir. BMT, Qoşulmama Hərəkatı və AQEM kimi platformalarda əməkdaşlıq da bu siyasətin mühüm istiqamətlərindəndir.
Müsahibənin diqqətçəkən istiqamətlərindən biri də iqtisadi və ticarət əlaqələridir. Prezidentin açıqladığı məlumata görə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Lakin dövlət başçısının da vurğuladığı kimi, bu rəqəm iki ölkənin real iqtisadi potensialını tam əks etdirmir. Burada əsas məsələ mövcud ticarət göstəricilərindən daha çox, gələcək əməkdaşlıq imkanlarının genişliyidir.
Xüsusilə enerji sahəsində əməkdaşlıq diqqətəlayiqdir. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi istiqamətləri əhatə edir. Bununla yanaşı, Vyetnam biznesinin Azərbaycanda investisiya layihələrinə marağı da mühüm əhəmiyyət daşıyır. Görünən odur ki, bu əməkdaşlıq artıq ənənəvi enerji sahəsindən daha geniş iqtisadi istiqamətlərə doğru inkişaf edir. Bu isə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması və yeni texnologiyaların ölkəmizə gətirilməsi baxımından əhəmiyyətlidir.
Müsahibənin ən mühüm geoiqtisadi mesajlarından biri isə Prezident İlham Əliyevin Azərbaycanı Cənubi Qafqazın əsas logistika və energetika habı kimi səciyyələndirməsidir. Ölkəmiz Avropa ilə Asiya arasında mühüm coğrafi mövqeyə, enerji resurslarına və nəqliyyat infrastrukturuna malikdir.Vyetnam isə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biridir. Bu iki ölkənin potensiallarının birləşdirilməsi yeni bazarlara çıxış, yükdaşımaların genişləndirilməsi, investisiya layihələrinin həyata keçirilməsi və biznes əlaqələrinin inkişafı üçün ciddi imkanlar yaradır.
Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artdığı indiki dövrdə Vyetnamla nəqliyyat-logistika sahəsində əməkdaşlıq perspektivləri daha da aktuallaşır. Azərbaycan bu istiqamətdə yalnız tranzit ölkə deyil, həm də regional iqtisadi əlaqələrin formalaşmasında fəal iştirak edən tərəfdaş kimi çıxış edir.
Digər mühüm istiqamət humanitar və mədəni diplomatiyadır. Prezident müsahibəsində xalqlarımız arasında mədəni əlaqələrin tarixinə toxunaraq Qara Qarayevin və Əjdər İbrahimovun Vyetnamla bağlı fəaliyyətini xatırladıb. Həmçinin 2026-cı ildə Vyetnam Günlərinin Bakı və Qəbələ şəhərlərində keçirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş dağıdıcı “Yaqi” fırtınasının və 2025-ci ildəki genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi də dostluğun real təzahürüdür.
Ümumilikdə, Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycanın çoxşaxəli xarici siyasətinin Asiya istiqamətində mühüm diplomatik mesaj kimi qiymətləndirilməlidir. Burada üç əsas strateji xətt aydın görünür: birincisi, siyasi etimadın və beynəlxalq dəstəyin möhkəmləndirilməsi; ikincisi, iqtisadi, enerji və investisiya əməkdaşlığının genişləndirilməsi; üçüncüsü, Azərbaycanın Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi.
Şübhəsiz, Vyetnam səfəri bu siyasi iradənin konkret layihələrə və praktiki nəticələrə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyacaq. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan və Vyetnam arasında mövcud olan tarixi dostluq artıq yeni dövrün tələblərinə uyğun olaraq strateji tərəfdaşlıq məzmunu qazanır. Bu münasibətlərin inkişafı həm Azərbaycanın Asiya istiqamətində beynəlxalq mövqelərinin möhkəmlənməsinə, həm də Vyetnamın Avrasiya bazarlarına çıxış imkanlarının genişlənməsinə xidmət edəcəkdir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью