Aslan kimi yaşamağa nə var ki? Aytac Sahəd yazır

30.10.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aytac SAHƏD

"Güc insanı korlayır, mütləq güc isə mütləq korlayır".

Lord Akton

"O, çox yaxşı adamdır".

Əvvəlcə şəfqətlə dedim bu cümləni, daha sonra isə bir az qətiyyətlə.

- Haradan bilirsən? - dodaqucu təbəssümlə cavab verdi.

- Görmürsən, necə mehribandır? Özünü çox sadə aparır, hamının nazı ilə oynayır, heç kimə güldən ağır söz demir. Yoxsa filankəs... Salamı da minnətlə verirdi. Burada işlədiyi üç ildə nə bir kəsə dediyi xoş sözünü eşitdim, nə də gülər üzünü gördüm.

Həmkarım bir qədər susub, asta səslə sözə başladı:

- Bax, əzizim. O filankəs filankəsin qızıdır, filankəsin də arvadı. Onun heç vaxt kiməsə xoş üz göstərmək, kimisə şirin dillə dindirmək kimi bir dərdi olmayıb. Əksinə, həmişə onun ətrafında pərvanə olublar. Bayaqdan bəri təriflədiyin adam isə bu yerlərə özü diş-dırnaqla gəlib çatıb. Zəhmətlə bərabər, lazım gələndə yola verməyi də bacarmalısan. O bilir ki, sənə, mənə, ya o birinə pis üz göstərsə, rəhbərinə şikayət gedəcək. Ona görə də hamı ilə yaxşı yola gedir. Ancaq bilmək olmaz, yolun sonunda bəlli bir məqama çatandan sonra yenə indiki kimi hamını şirin dillə dindirəcək, ya yox.

İllər öncə bir həmkarımla etmişdim bu söhbəti. Yaşım az idi, yaxşı tanımırdım adamları. Bəlkə də buna görə həmin söhbətdə həmkarıma haqq verməmişdim. Di gəl, həyat özü illər sonra onu haqlı çıxarmışdı. Bir müddət öncə dostlardan tərifini yerə-göyə sığdıra bilmədiyim həmin adamın çalışdığı şirkətdə yüksək vəzifəyə təyin olunduğunu, elə həmin vaxtdan da hamıya "yüksəklərdən" baxdığını eşitdim. Təsadüfən bir məclisdə bu mənzərənin canlı şahidi də oldum. Məsələ təkcə gücün gətirdiyi təkəbbür deyildi. Uğurun insana gətirdiyi əda, zənnimcə, saxta təvazökarlıqdan daha səmimi görünür. Burada isə məsələ tamam başqa idi. İnsanın sadəcə davranışı yox, əməlləri də dəyişmişdi. Məhz onda illər öncə köhnə dostumun niyə belə qətiyyətlə danışdığını dərk etdim.

Nəzakətli davranmaq, xoşrəftar olmaq, insanların köməyinə çatmaq bir insana yaxşı demək üçün yetərli səbəb kimi görünə bilər. Amma məsələ bununla bitmir. Sadalananlar, necə deyərlər, aysberqin görünən tərəfidir. Bir insan həqiqətənmi yaxşı olduğu üçün yaxşı davranır, yoxsa mənfəəti naminə cildə girir? Hə, bax, bu sualın cavabını tapmaq heç asan deyil.

İnsanın xarakterini, davranışlarını doğulduğu ailə, formalaşdığı mühit, sahib olduğu imkan və ya imkansızlıqlar formalaşdırır. Məlum şərtlərə uyğun davranmaq həyatda qalmaq instinktinin təməl şərtlərindəndir. Məsələn, döyüş növlərində bu gün tanınan idmançılar sırasında dağıstanlılar xüsusi yer tutur. Burada əsas səbəblərdən biri təbiətin sərtliyindən genlərə yansıyan fiziki gücdürsə, digər səbəb ölkənin yerləşdiyi coğrafiyada əsrlərdir səngiməyən çaxnaşmalardır. Daim özünü müdafiə etmək məcburiyyətində qalan adam üçün güclü olmaq sadəcə seçim yox, məcburiyyətdir. Coğrafiyadan savayı, tarixi faktorlar da burada həlledici amilə çevrilir. SSRİ yarananda hətta təqiblərdən yaxa qurtaran bəy-xan nəslinin nümayəndələri arasında özünə qəsd edənlər az olmayıb. Onlar bilirdilər ki, necə olur-olsun, hamı kimi bir tikə çörək tapıb yaşayacaqdılar. Amma məsələ yalnız fiziki tələbatlarla bitmir axı. Onlar üçün doğulandan bəri sanki boylarına biçilmiş gücü itirmək asan deyildi.

İnsan sosial varlıqdır, bu səbəbdən də güc ona yalnız yaşamaq üçün yox, həm də şəxsiyyətinin təcəssümü kimi lazımdır.

Güclünün kiməsə yarınmağa ehtiyacı yoxdur, o hər an sözünü deyə, savaşa girə bilər. Zəifin isə, necə deyərlər, belə bir "lüksü" yoxdur. O, "sağ qalmaq" üçün daim alternativlər düşünməlidir. Sanki bu qayda bütün canlılara şamildir: İlanın zəhəri olmasaydı, ayaqlar altında ölərdi. Aslan bədənində nərildəməyə nə var ki... İlanı zəhəri, kirpini tikanı ilə yaşamağa vadar edən həyat insanı öz taleyinin ümidinə buraxır. Elə ən çətini də insanın bəxtinə düşüb. Ya kirpi kimi tikanlarına bürünüb yaşayırsan, ya da tülkü kimi fırıldaqla. Əlbəttə, şansına ev pişiyi kimi doğulmaq düşməyibsə...

Əlbəttə, həyatı, münasibətləri yalnız bir qayda ilə reallaşdırmaq məntiq işi deyil. Hər yaxşılıqda zəifliyin payını axtarmaq düzgün olmaz. Məşhur deyimdəki kimi, pul insanı dəyişmir, sadəcə əsl xarakterini üzə çıxarır. Burada pul şərti anlayışdır, məlum təsviri güclə də şərtləndirmək olar. Güclünün mərhəməti, zəifinsə heç bir mənfəətə söykənməyən doğruları var. Deyilənin əksinə, bəzən insanı yaxşılığa vadar edən zəifliyindən doğan empatiyası olur.

Psixologiyada bu anlayış "Yaralı şəfaçı" adlanır və ideyanın yunan mifologiyasından gəldiyi deyilir. Söhbət Xirondan gedir. Xiron yunan mifologiyasında müsbət xarakterizə olunan personajdır. Öz zəkası və mərhəməti ilə seçilən Xiron təsadüfən dostu Heraklın oxuna tuş gəlir. Nə qədər çabalasa da, zəhərli oxdan qurtula bilmir və ömürlük əzaba məhkum olur. Lakin o, yenə də yaxşılığından qalmır, öz yarasının ağrısı ilə başqalarını daha yaxşı anlayır və onlara məlhəm olmağa davam edir. "Yaralı şəfaçı" məfhumu da məhz Xironla xarakterizə olunur.

Əlbəttə, mifologiyadakı qəhrəmanlar təbiətin və bəşəriyyətin qəddar qanunları ilə yaşamır. Mövzu insan olanda şərtlər dəyişir. Bəhs olunan adamlar sadəcə həyatın bəlli bir üzünün təmsilidir. Nəyin səni möhkəmləndirib, nəyin dəyişəcəyini yalnız özün bilirsən. Fitrətində yaxşılıq varsa, getdiyin yolda ayağına nə qədər tikan batsa belə, səmtin işıq olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью