AŞPA nın növbəti qərəzi və yaxud ermənidən artıq ermənilik

31.01.2026

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni dünya nizamının formalaşması prosesi müşahidə edilsə də, bəzi beynəlxalq təşkilatlar milli dövlətlərə qarşı təzyiq siyasətindən əl çəkmək istəmirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) davranışları da buna tipik nümunədir. AŞPA, həmçinin  Azərbaycana münasibətdə də  özünün ənənəvi qərəzli mövqeyindən geri çəkilmək istəmir. Budur, qurum yenicə işinə başlayan qış sessiyasında ölkəmizə münasibətdə öz məkrini yenidən ortaya qoyub. Belə ki, Azərbaycan nümayəndə heyətinin qatılmadığı həmin sessiyada respublikamızla bağlı qərəzli qətnamə qəbul olunub. Bəhs olunan kağız parçasında (obyektivlikdən uzaq olan bir təşkilatda qəbul edilən “sənədi” ancaq belə adlandırmaq mümkündür - red.) yenə də erməni məsələsi, separatçılar mövzusu gündəmə gətirilib və onların dərhal azadlığa buraxılması istənilib.

Kağız parçasının məzmununa istinad etməklə, burada əksini tapan iddiaları  AŞPA divarları arasında uzun illər ərzində səslənən və eşidənlərin qulaqlarını yoran köhnə mahnıların uğursuz təkrarı kimi dəyərləndirmək mümkündür. AŞPA deputatları bəlli mövzudan söhbət açanda, yəni Qarabağdan ermənilərin “çıxarılmasından”, separatçıların azadlığa buraxılmalarının “zəruriliyindən” danışarkən, bir qayda olaraq insan haqlarına və bununla bağlı müvafiq beynəlxalq konvensiyalara istinad edirlər. Lakin parlamentarilərin bu kimi istinadları yalnız Qarabağdan könüllü çıxan ermənilərə və separatçılara şamil etmələri təsdiqləyir ki, onlar bəlli məsələləri manipulyasiya predmetinə çeviriblər və ikili standartlartdan çıxış edirlər. Müqayisələr apardıqda hər şey güzgü kimi aydın olur. Xatırlayaq ki, Avropa Şurası Parlament Assambleyası 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini görməzdən gələn, “siyasi məsələlərə qarışmaq bizim platformanın işi deyil” deyən qurumlar siyahısında “liderlər” sırasında yer alıb Hər dəfə Azərbaycan məsələ qaldıranda, işğal altında olan ərazilərimizə missiyalar göndərilməsinə çağırışlar edəndə, bütün bunları təpki ilə qarşılayan avropalı parlamentarilər heyrət doğuracaq “soyuqqanlılıqlarını” AŞPA-nın insan hüquqları ilə məşğul olan təşkilat olması ilə əsaslandırmağa çalışırdılar. Belə isə nə üçün missiyası insan hüquqlarının müdafiəsi olan AŞPA azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinə biganə yanaşırdı? Yüz minlərlə dinc insanı, uşağı, qocanı, qadını yurd-yuvasından didərgin salan, soyqırıma rəvac verən dövləti, separatçı qurumu qınamamamağın, onları ədalətə çağırmamağın bir adı var idi - insan hüquqlarına arxa çevirmək.

Ağzına aldığı suyu boşaldan AŞPA postmüharibə dövründə Qarabağla bağlı məsələləri, o cümlədən də erməni əhalinin, separatçıların “pozulan” hüquqlarını isə dəfələrlə müzakirələrə çıxarıb və hər dəfə də qalib Azərbaycanın yaratdığı reallığa əyri güzgüdən baxış edilib.

Bu günlərdə qış sessiyasında Azərbaycanla bağlı qəbul olunan qətnamə qurumun beynəlxalq müstəvidə cərəyan edən proseslərin arxasında süründüyünü bir daha ortaya qoyur. AŞPA-ya erməni lobbisinin təsirləri o qədər güclüdür ki, qurumu təmnsil edən parlamentarilər Azərbaycanla Ermənistan arasındakı tənzimləmə prosesinin hazırkı mərhələsində nələrin baş verdiyini belə qəbul etmək istəmirlər. 30 il ərzində ədalətli mövqeyindən, haqq mübarizəsdindən geri çəkilməyən güclü Azərbaycan 44 günlük müharibənin və separatçıların sonunu gətirən 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticələrinə uyğun olaraq regionda yeni reallıqlar yaradıb. Vaşinqton görüşü, Davos Forumu bir daha təsdiqlədi ki, dünya, əksər güc mərkəzləri Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanmaqla yaratdığı reallıqları və sülh gündəliyini qəbul edirlər. Vaşinqtonda yekun sülh sazişinin paraflanması ilə Azərbaycan-Ermənistan münasibətlərrində yeni bir səhifə açılıb. İndi Cənubi Qafqaz regionu heç vaxt olmadığlı qədər sülhə yaxındır. Həmçinin Azərbaycanla Ermənistan arasında həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində etimad quruculuğu prosesi başlayıb. AŞPA deputatları vicdanlıdırlarsa, obyektivdirlərsə, hər iki tərəf, hər iki xalq üçün əhəmiyyətli olan və dünya tərəfrindən təqdir olunan sülh prosesinə töhfə verməyə çalışmalıdırlar. Onlara vacib bir məqamı xatırlatmaq istərdik. İndi revanşistlərin kiçik bir qrupu istisna olmaqla Ermənistanın özündə belə separatçıları yada salan yoxdur. Qarabağ məsələsi gündəlikdən çıxarılıb. AŞPA-ya nə düşüb ki, bu reallığı görməzdən gəlir və hazırda Ermənistanda nüfuzu palaz kimi yerlə bir olan kilsədən gələn tezisləri təkrarlayır? Bunun bir adı var: Ermənidən artıq ermənilik etmək.

Qeyd etdiyimiz kimi, qərəzli qətnamədə Bakıda məhkəmələri aparılan separatçılara dəstək ifadə olunur və onların Ermənistana təhvil verilməsi istənilir. AŞPA hansı haqla belə iddialarda buluna bilər? Azərbaycan böyük səylərlə tənzimləmə prosesini irəli aparan və sülh prosesində mühüm nəticəyə gəlinməsinə nail olan dövlətdir. Belə həssas yanaşmanın davamı olaraq respublikamız Ermənistanla ticarətə, tranzit keçidlərinə yaşıl işıq yandırıb, 4 erməni məhkumu təhvil verib. Son olaraq Qarabağda qalan 10 erməni də Ermənistana göndərilib. Bunlar Azərbaycanın xoş niyyətə əsaslanan və sülh siyasətinə sadiiqliyini təsdiqləyən davranışlarıdır. Ancaq AŞPA-nın özünü hakim kimi apararaq separatçıların azadlığa buraxılmasını tələb etməsi heç bir əndazəyə sığmır. Azərbaycan ləyaqətli dövlətdir və siyasətini də ədalət tərəzisinin gözünü əymədən qətiyyətlə aparır. Azərbaycanın siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Bu siyasət hansısa mərkəzlərdə, Qərb dairələrində deyil, Bakıda Prezident İlham Əliyevin strateji baxışları, milli maraqları hər şeydən üstün tutması əsasında müəyyənləşdirilir. Biz partnyorlarımızı özümüz seçirik, beynəlxalq təsisatlarda da öz iradəmizlə təmsil olunuruq. Burada AŞPA kimi qurumlardan gələn qərəzli və qəzəbli iddialar heç bir rol oynamır və oynamayacaq. Yeri gəlmişkən, respublikamız Avropa İttifaqı məkanında da yaxşı tanınır. Bu gün ölkəmizin  Avropanın təxminən 10 dövləti ilə strateji tərəfdaşlıq münasibətəri var. Azərbaycan indiki həssas dönəmdə “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır ki, bütün bunlar da AŞPA təmsilçilərinə yaxşı bəllidir. Budurmu avropalı parlamentarilərin minnətdarlığı? Bəlkə, qəbul olunan qərəzli qətnamələri belə dəyərləndirək: AŞPA Aİ siyasətinə zidd gedir və Avropanın maraqlarını erməni lobbisinin istəyinə qurban verir.

Daha bir mühüm məqama da diqqət çəkmək lazımdır. Söhbət AŞPA-nın Azərbaycanla bağlı müzakirələri respublikamızın nümayəndə heyətinin iştirakı olmadan aparmasından gedir. Azərbaycan AŞPA-nın qərəzli yanaşmalarını nəzərə almaqla iki il bundan əvvəl qurumda təmsilçiliyini müvəqqəti qaydada dayandırıb. AŞPA məkrli mövqeyindən geri çəkiləcəyi təqdirdə ölkəmiz qurumla əməkdaşlığa qayıda bilər. Belə bir vəziyyətdə AŞPA-nın Azərbaycana aid iftira xarakterli qətnamə qəbul etməsinin hüquqi əsası yoxdur. Güman edirik ki, Ermənistan rəhbərliyi də AŞPA-nın son qərəzli qətnaməsinə adekvat münasibət bildirəcək.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью