AŞPA niyə rəsmi Bakının sülh təşəbbüslərini görməzdən gəlir?

29.01.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Avropa Şurası Parlament Assambleyasının  qış sessiyasında Azərbaycanla bağlı qəbul edilən qətnamə bu qurumun uzun illərdir nümayiş etdirdiyi ikili standartlar siyasətinin növbəti açıq təzahürüdür. Bu sənəd obyektiv təhlilə deyil, siyasi sifarişlərə əsaslanır və Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları qəsdən görməzdən gəlir”.
Demokrat.az xəbər verir ki, bu fikirləri Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, AŞPA bu yanaşması ilə erməni separatizminə və terrorçu fəaliyyətlərə uzun illər göstərdiyi siyasi himayəni yenə açıq şəkildə nümayiş etdirmiş oldu. 
“Rəsmi Bakının sülh sazişinə yönəlik təşəbbüsləri, regional kommunikasiyaların açılması ilə bağlı irəli sürdüyü konstruktiv mövqe sənəddə əksini tapmır. Bunun əvəzinə, artıq öz aktuallığını itirmiş keçmiş hadisələr üzərindən siyasi manipulyasiya aparılır. Qətnamədə Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı real və ardıcıl addımlar tamamilə nəzərə alınmır.  Qurum regionda sülh və sabitliyə töhfə vermək əvəzinə, revanşist dairələrin maraqlarına xidmət edən mövqe sərgiləyir ki, bu da onun beynəlxalq vasitəçi statusuna ciddi zərbə vurur”.  
Sədr bildirib ki, bu durum əslində digər gerçəkliyi də ortaya çıxarır: AŞPA və bu statusda olan digər beynəlxalq təşkilatların nüfuz və etimad itkisilə üz-üzə olduğunu. “AŞPA, Avropa Parlamenti və hətta BMT kimi beynəlxalq strukturlar bu gün özləri ciddi siyasi və institusional böhran içərisindədirlər. Qərarların qəbulunda prinsipiallıq və ədalət meyarları deyil, ayrı-ayrı siyasi mərkəzlərin maraqları əsas götürülür.  Qlobal çağırışlara adekvat cavab verə bilməyən bu strukturların davranışı Avropanın daxilində genişmiqyaslı sistem böhranının olduğunu bariz göstərir”. 
Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi bildirir ki, bu qurumların real problemlərə göz yumması, əvəzində isə süni gündəmlər formalaşdırması onların dünyadan və geosiyasi reallıqlardan nə dərəcədə uzaq düşdüyünü açıq şəkildə göstərir: “Məhz bu səbəbdən, AŞPA və digər beynəlxalq platformaların qəbul etdiyi qərəzli qətnamələr artıq ciddi siyasi sənəd deyil, Avropanın daxilində mövcud olan dərin sistem böhranının təzahürü kimi qiymətləndirilməlidir. Bu böhran təkcə ayrı-ayrı institutların deyil, bütövlükdə Qərb siyasi modelinin funksionallığı ilə bağlı suallar yaradır”.
Qeyd etmək vacibdir ki, Prezident İlham Əliyev ötən həftə Davos İqtisadi Forumunda etdiyi çıxışlarında bu məsələlərə xüsusi diqqət çəkərək, beynəlxalq təşkilatların ikili standartlara əsaslanan fəaliyyətinin qəbuledilməz olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycanın regionda sülhün və əməkdaşlığın tərəfdarı olduğunu, lakin qərəzli və ədalətsiz yanaşmalarla barışmayacağını açıq şəkildə ifadə edib.
Bir sözlə, beynəlxalq təşkilatların nümayəndələri öz ofislərindən çıxmalı, qlobal normativləri yalnız kağız üzərində yaratmaqdan çəkinməli, geosiyasi və regional reallıqları obyektiv qiymətləndirməlidirlər. Azərbaycanı bu haqq və inkişaf yolundan döndərmək mümkün deyil: bu cür qərəzli yanaşmalarla əhəmiyyət vermədən, öz işini -  regionda sabitlik, sülh və əməkdaşlığı təşviq edən mövqeyini davam etdirəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью