Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq alimlər qrupu Assuriya imperiyasının əvvəllər məlum olmayan üç hökmdarının izlərini aşkar edib. Araşdırma qədim Assuriya salnamələrinin tam və obyektiv mənbə olmadığını göstərib.
Çikaqo və Yel universitetlərinin alimləri gil lövhələr, mixi yazılar, stela və heykəlləri araşdıraraq tarixdən silinmiş üç hökmdarın hakimiyyətini bərpa ediblər. Tədqiqatın nəticələri Journal of Cuneiform Studies jurnalında dərc olunub.
Alimlərin fikrincə, Assuriya hökmdarlarının siyahıları siyasi məqsədlərlə redaktə edilib. Taxt uğrunda mübarizədə məğlub olan, devrilən və ya qısa müddət hakimiyyətdə qalan hökmdarların adları sonrakı siyahılardan çıxarılıb.
Onlardan biri Tiqla-palasar olub. O, təxminən e.ə. 763–762-ci illərdə qardaşı oğlu, Assur-dan III-ə qarşı hakimiyyəti ələ keçirməyə cəhd edib. Onun adı Britaniya Muzeyində saxlanılan gil lövhədə qorunub.
İkinci hökmdarın Salmanasar olduğu müəyyənləşdirilib. Alimlər 1894-cü ildə müasir İraq ərazisində tapılmış steladakı silinmiş yazını araşdıraraq bu hökmdarın izlərini üzə çıxarıblar. Onun adının sonradan Tiqla-palasar III tərəfindən sildirildiyi ehtimal olunur.
Üçüncü hökmdar isə Assur-uballit olub. Təxminən e.ə. 913–912-ci illərdə hakimiyyətdə olduğu güman edilir. Onun adı qədim mixi yazıda və başı sındırılmış hökmdar heykəli ilə bağlı tapıntılarda üzə çıxıb.
Araşdırma göstərir ki, “Assuriya kral siyahısı” yalnız tarixi xronologiya deyil, həm də hakimiyyətin legitimliyini əsaslandıran siyasi sənəd kimi formalaşdırılıb. Sonrakı hökmdarlar öz sülalələrinin mövqeyini gücləndirmək üçün bəzi rəqiblərinin adlarını tarixdən siliblər.
S.ELAY
XQ