Astana Şəhərsalma Mərkəzinin rəhbəri: WUF13 ün Bakıda keçirilməsi xüsusilə simvolikdir

15.05.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Astana, 15 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF-13) müasir şəhərlərin inkişafı sahəsində təcrübə və bilik mübadiləsi üçün əsas beynəlxalq platformadır.

Bu barədə AZƏRTAC-a Astana Şəhərsalma Mərkəzinin direktoru Yelnar Bazıken bildirib.

“Qazaxıstan üçün belə bir forumda iştirak etmək böyük şərəf və region ölkələri arasında peşəkar və mehriban qonşuluq əməkdaşlığını gücləndirmək üçün gözəl bir fürsətdir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, WUF13-ün məhz Bakıda keçirilməsi xüsusilə simvolikdir.

“Bu gün Azərbaycan paytaxtı şəhər mühitinin təsir edici inkişaf templərini, abadlığa, memarlığa, ictimai məkanlara və infrastruktura yüksək keyfiyyətli yanaşmaları nümayiş etdirir. Detallara diqqət yetirilməsi, sakinlər üçün rahat şəraitin yaradılması və şəhərin müasir inkişafı öz kimliyi ilə birləşdirməsi həqiqətən təqdirəlayiqdir”, - deyə ekspert vurğulayıb.

Y.Bazıkenin fikrincə, bu cür beynəlxalq forumlar həm qlobal şəhər problemlərini müzakirə etməyə imkan verir, həm də açıq dialoq, ən yaxşı təcrübələrin mübadiləsi və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi üçün platforma formalaşdırır.

“Astana da öz növbəsində şəhərsalma, yaşıllaşdırma, ictimai məkanlar, şəhər mobilliyi və davamlı inkişaf sahələrində müasir yanaşmaları fəal şəkildə inkişaf etdirir. Şəhərin genişmiqyaslı yaşıllaşdırılmasına və sakinlər üçün rahat mühitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə bizi Bakı ilə oxşar yanaşmalar və dəyərlər - davamlı inkişaf, təmiz ətraf mühit və şəhər həyatının keyfiyyətinin yüksəlməsi istəyi birləşdirir”, - deyə Astana Şəhərsalma Mərkəzinin direktoru əlavə edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью