Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Astana, 2 fevral, AZƏRTAC
Ankaraya rəsmi səfəri çərçivəsində Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, söhbət zamanı Türkiyə lideri ikitərəfli əməkdaşlığın genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsində dinamik inkişafını məmnunluqla qeyd edib, iki ölkə arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin hərtərəfli dərinləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Öz növbəsində, xarici işlər naziri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adından Rəcəb Tayyib Ərdoğana səmimi salamlarını və xoş arzularını çatdırıb, həmçinin yüksək səviyyələrdə əldə edilmiş razılaşmaların icrası gedişi barədə məlumat verib.
Tərəflər qardaşlıq və möhkəm dostluğa əsaslanan Qazaxıstan – Türkiyə münasibətlərinin daha da möhkəmləndirilməsinin yollarını və potensialını müzakirə ediblər. Astana ilə Ankaranın beynəlxalq təşkilatlarda, o cümlədən türk inteqrasiyası çərçivəsində qarşılıqlı etimad və dəstək ruhunda fəaliyyətlərinin koordinasiyası yüksək qiymətləndirilib, həmçinin aktual qlobal və regional məsələlər üzrə mövqelərin oxşarlığı qeyd olunub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana