Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astara, 27 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Astara rayonunda 44 milyon 477 min manatlıq sənaye məhsulu istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən bildirilib.
İstehsal olunan sənaye məhsulunun 80,3 faizi emal sənayesinin, 19,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşüb. Sənayedə qeyri-dövlət sektorunun xüsusi çəkisi 80,3 faiz təşkil edib.
Hesabat dövründə emal sənayesində ev təsərrüfatlarında məhsul istehsalı və hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla, 35 milyon 739,8 min manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.
Bununla yanaşı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 54,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 63,5 faiz azalıb.
İstehsal olunan sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdən qalan ehtiyatlar da nəzərə alınmaqla, 2026-cı il oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 2 milyon 863,7 min manatlıq hazır məhsul olub.
Müxbir- İlkin Adıyev