Astarada çay yığımı

11.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Çayçılıq Astara rayonunun iqtisadiyyatında mühüm yer tutur. Artıq bir əsrə yaxındır ki, çayçılıq yerli əhalinin əsas məşğuliyyət sahələrindən birinə çevrilib. Astara çayı dadı, tamı, keyfiyyəti ilə digər çaylardan fərqlənir.

“Astaraçay” MMC-nin çay fabrikində müasir standartlara uyğun emal olunan, müxtəlif çəkilərdə qablaşdırılan çay məhsulları dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Rayonda istehsal olunan çayın şöhrəti ölkəmizdən uzaqlara da yayılıb. Xarici bazarlarda yerli çayımıza maraq böyükdür.

Astara Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, rayonda 232,1 hektar çay sahəsi vardır. Ötən il plantasiyalardan 724,6 ton məhsul yığılıb. Kijəbə, Səncərədi, Təngərüd, Şüvi ərazi vahidliyinə daxil olan kəndlərdə çayçılıq intensiv inkişaf etdirilir.

Bu il mayın əvvəlindən yaşıl çay yığımına start verilib. Plantasiyalarda işlərin qızğın çağıdır. Kijəbə qəsəbəsinin çay sahələrində ənənəvi üsulla zərif fleşlər yığılır. Elçin Atakişiyevin rəhbərlik etdiyi ailə təsərrüfatı 0,3 hektar sahədə çay yetişdirib. Yığım başlanandan 2 tona yaxın yaşıl çay yarpağı yığılaraq emal müəssisəsinə təhvil verilib. Qabaqcıl fermer Validə Abbasovanın təsərrüfatında isə 3 ton məhsul gözlənilir.

Havaların əlverişli keçməsi səbəbindən təsərrüfatlarda yığım sürətlənib. İyul ayının əvvəlinə kimi plantasiyalardan 294,3 ton yaşıl çay yığılıb. Bunun da 49,8 tonu kənd təsərrüfatı müəssisələrinin, 244,5 tonu isə ailə təsərrüfatlarının payına düşür. Çay yığımı noyabr ayına kimi davam edəcək.

Ə.HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью