Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dördüncü ilinə qədəm qoyan “Bölgələrdə kino günləri” layihəsinin növbəti dayanacağı Astara rayonu oldu.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, Astara rayon Heydər Əliyev Mərkəzində “Astarada Kino Günləri” başlığı altında keçirilən tədbir çərçivəsində bölgə sakinlərinə “Tağıyev: Neft” (rejissor Zaur Qasımlı), “Nar bağı” (rejissor İlqar Nəcəf) tammetrajlı bədii filmləri, həmçinin “Kinomexanikin qayıdışı” (rejissor Orxan Ağazadə), “Nargin: Sona qədər sirli” (rejissor Elməddin Alıyev, Xəyyam Abdullazadə) tammetrajlı bədii-sənədli filmləri, “Uzaq” (rejissor Daniel Quliyev), “Torpağı sanı yaşayasan” (rejissor Samir Kərimoğlu), “Erkən hisslər” (rejissor Nurlan Həsənli), “Zəfər rəqsi” (rejissor Gəray Həsən) və “Oturacaqlar” (rejissor Orxan Ağazadə) qısametrajlı bədii filmləri təqdim olunub.
Üç gün davam edən “Astarada Kino Günləri” tamaşaçıların fəallığı ilə seçilib. Xüsusilə, yeniyetmələr və gənclər hər seansdan sonra baş tutan ənənəvi müzakirələrdə kifayət qədər aktiv iştirak edib, baxdıqları filmlər barədə fikirlərini bölüşüblər.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü və dəstəyilə həyata keçirilən “Bölgələrdə Kino Günləri” layihəsinin məqsədi və hədəfi paytaxtdan uzaqda yaşayan sakinlərimizi müasir Azərbaycan kinosu ilə tanış etmək və bölgələrdə kinoteatrların, kinozalların bərpasına nail olmaqdır.