Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

16.06.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 iyun, AZƏRTAC

15 İyun - Milli Qurtuluş Günü münasibətilə və “İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə Şirvan Regional Vəkil Bürosunun vəkilləri tərəfindən Astara Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlar üçün növbəti pulsuz hüquqi yardım aksiyası təşkil edilib.

Bu barədə AZƏRTAC-a VK-dan məlumat verilib.

Bildirilib ki, sosialyönümlü bu təşəbbüsün əsas məqsədi bölgə sakinlərinin hüquqi maarifləndirilməsi, hüquq xidmətlərinə çıxış imkanlarının artırılması və onların üzləşdiyi hüquqi məsələlərin həllinə dəstək göstərməkdir.

Aksiyada 20 vətəndaşın müraciətinə baxılıb, onlara şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью