Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Mars və Yupiter arasındakı Əsas Asteroid Kəmərində yerləşən və 1857-ci ildən bəri sadəcə iki hisssəli səma cismi hesab olunan "44 Nisa" (Nysa) asteroidinin əslində tamamilə fərqli formaya malik olduğu üzə çıxıb. Arizonadakı LBT və Çilidəki VLT teleskoplarının ən son adaptiv optika sistemləri ilə aparılan müşahidələr göstərib ki, Nisa Günəş sistemində indiyədək aşkar edilən ilk üçhissəli (bitişik üçlü) asteroiddir.
Tədqiqatçılar 75 kilometrlik asteroidin səthində onu üç müstəqil hissəyə bölən iki dərin çökəklik müəyyən ediblər. Lakin əsl sürpriz bu deyil: alimlər Nisa cəmi 170 kilometr məsafədən dövr edən, diametri təxminən 1 kilometr olan kiçik bir peyk də tapıblar. "S/2026 (44) 1" müvəqqəti indeksli bu peyk asteroidin əsl kütləsini və sıxlığını hesablamağa imkan verəcək.
Yunan mifologiyasında Dionisin tərbiyə olunduğu və teatr maskaları ilə assosiasiya olunan ölkənin adını daşıyan Nisa uzun illər öz real simasını gizlətməyi bacarıb. Alimlərin əsas versiyasına görə, bu obyekt zəif qravitasiya ilə bir-birinə yapışmış üç ayrı səma cismindən ibarətdir.
Alternativ hipotez isə Nisanın keçmişdə böyük bir asteroidlə toqquşaraq "inci sapı" kimi parçalandığını irəli sürür. Lakin bu halda asteroid ailəsinin digər üzvlərinin harada olması sualı açıq qalır. Tapmacanın son cavabını məhz yeni kəşf edilən kiçik peykin orbital hərəkəti verəcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ