Astrofizikada qara dəliklərin öyrənilməsində yeni mərhələ

08.07.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Astrofizika sahəsində mühüm elmi nəticə əldə olunub. Dünyanın nüfuzlu “Nature” jurnalında dərc olunmuş yeni araşdırmada alimlər qravitasiya dalğalarının təhlili əsasında qara dəliyin hadisələr üfüqünə son dərəcə yaxın bölgədən gələn siqnalların izlərini müəyyən etdiklərini bildiriblər.

Tədqiqat ABŞ-də fəaliyyət göstərən LIGO (Laser Interferometer Gravitational-Wave Observatory) beynəlxalq elmi əməkdaşlığı çərçivəsində qeydə alınmış GW250114 adlı qravitasiya dalğası hadisəsinin təhlilinə əsaslanır. Araşdırma müəlliflərinin qənaətinə görə, iki qara dəliyin birləşməsi nəticəsində yaranmış siqnalın strukturunda hadisələr üfüqünə yaxın sahədə formalaşan əlavə dalğa komponenti müşahidə olunub.

Məlum olduğu kimi, hadisələr üfüqü qara dəliyin cazibə qüvvəsinin o qədər güclü olduğu sərhəddir ki, həmin nöqtədən sonra işıq da daxil olmaqla heç bir obyekt geri qayıda bilmir. Bu səbəbdən həmin bölgənin birbaşa öyrənilməsi müasir astrofizikanın ən mürəkkəb problemlərindən hesab olunur.

Yeni araşdırmada qeyd edilir ki, müəyyən edilən siqnal qara dəliyin daxilindən deyil, hadisələr üfüqünün dərhal yaxınlığında baş verən proseslərlə əlaqədardır. Bu nəticə qara dəliklərin fiziki xüsusiyyətlərinin qravitasiya dalğaları vasitəsilə daha dəqiq öyrənilməsi üçün yeni imkanlar yarada bilər.

Məqalə müəllifləri bildirirlər ki, əldə olunan nəticələr hələlik bir müşahidə hadisəsinin təhlilinə əsaslanır və onların təsdiqi üçün gələcəkdə qeydə alınacaq digər qravitasiya dalğası hadisələrinin də araşdırılması tələb olunur.

Qravitasiya dalğaları ilk dəfə 2015-ci ildə LIGO detektorları tərəfindən qeydə alınmış, bu kəşf müasir fizikanın ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilmişdi. Son araşdırma isə həmin müşahidə metodunun imkanlarını daha da genişləndirərək qara dəliklərin öyrənilməsində yeni mərhələnin əsasını qoya biləcək nəticə kimi dəyərləndirilir.

N.Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью