Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
NASA-nın müstəqil auditorları Artemis Ay proqramında ciddi təhlükəsizlik çatışmazlığı aşkar ediblər. Agentliyin Baş Müfəttiş İdarəsinin hesabatına görə, gələcək Ay missiyaları zamanı fövqəladə vəziyyət yaranarsa, NASA-nın astronavtları operativ şəkildə təxliyə etmək və ya xilas etmək imkanı olmayacaq.
Azpost.info bildirir ki, bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb.
Mövcud plana əsasən, ABŞ-ın Artemis proqramı çərçivəsində Aya ilk insanlı enişi 2028-ci ildə həyata keçirməsi nəzərdə tutulur. Lakin mütəxəssislər bildirirlər ki, missiya zamanı Ay səthində ehtiyat eniş modulu, fövqəladə sığınacaq və ya ekipajın təcili təxliyəsini təmin edəcək hər hansı alternativ vasitə olmayacaq.
Missiya ən çətin ərazidə keçiriləcək
Hesabatda qeyd olunur ki, astronavtlar Ayın cənub qütbü yaxınlığında fəaliyyət göstərəcəklər. Bu bölgə dərin kraterlər, iri qayalar və dik yamaclarla zəngin olduğundan, burada qəza və gözlənilməz hadisələrin baş vermə ehtimalı “Apollon” proqramının eniş etdiyi ərazilərlə müqayisədə xeyli yüksəkdir.
Sənəddə vurğulanır ki, eniş modulu aşarsa və ya ciddi nasazlıq yaranarsa, astronavtlar Ay səthindən qalxaraq orbitə qayıtmaq imkanını tamamilə itirə bilərlər. “Əgər astronavtlar kosmosda və ya Ay səthində həyat üçün təhlükə yaradan fövqəladə vəziyyətlə üzləşsələr, NASA-nın onları xilas etmək imkanı olmayacaq”, – deyə hesabatda bildirilir.
Ehtiyat modul nəzərdə tutulmayıb
NASA Ay eniş modullarının hazırlanması üçün SpaceX və Blue Origin şirkətləri ilə müqavilələr bağlasa da, fövqəladə hallar üçün ehtiyat modulun hazırlanmasını proqrama daxil etməyib.
Kosmik məsələlər üzrə analitik Brayan Herli hesab edir ki, missiyadan əvvəl Aya ehtiyat eniş modulu, həyat təminatı sistemləri və lazımi ehtiyatlarla təchiz olunmuş ayrıca aparat göndərmək məqsədəuyğun olardı.
Onun hesablamalarına görə, belə bir layihənin dəyəri 3–5 milyard dollar təşkil edərdi. Bu isə artıq 100 milyard dolları keçən Artemis proqramının ümumi büdcəsi ilə müqayisədə nisbətən kiçik məbləğdir.
NASA riskləri yenidən qiymətləndirəcək
Hesabatda xatırladılır ki, Space Shuttle proqramının 2011-ci ildə başa çatmasından sonra NASA insanlı kosmik missiyalar üçün tammiqyaslı ekipaj xilasetmə sistemləri yaratmayıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, qəza zamanı təxliyə imkanının olmaması təkcə astronavtların həyatı üçün deyil, həm də Artemis proqramının gələcək taleyi üçün ciddi risk yaradır.
NASA isə bildirib ki, agentlik risklərin qiymətləndirilməsini yenidən nəzərdən keçirməyə və astronavtların Ay səthində uzunmüddətli sağ qalmasını təmin edəcək əlavə təhlükəsizlik tədbirləri hazırlamağa hazırdır.