Atalıq məzuniyyətinə görə nə qədər ödəniş olunacaq? AÇIQLAMA

23.01.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni ata olan şəxslərə iş yerindən ödənişli məzuniyyətin verilməsi tələb olunan qanunlardan biri idi. Bu ildən etibarən kişilərə ata olduqlarına görə 14 gün məzuniyyətin ayrılması qanunu qüvvəyə minib. 
Kişilərə 14 günlük məzuniyyətə görə nə qədər ödəniş ediləcək? 
Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, Əmək Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, kişi cinsindən olan işçilər övladlarının dünyaya gəlməsi ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli məzuniyyətdən istifadə etmək hüququ əldə edirlər:
"Bu məzuniyyət işəgötürən tərəfindən ödənilir. Dəyişiklik Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulur. Həmin maddəyə əsasən, tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə kişilərə ümumilikdə 14 təqvim günü ödənişli məzuniyyət verilir".
Vəkil bildirib ki, məzuniyyətdən istifadə etmək üçün işçi tibb müəssisəsindən müvafiq arayış alaraq onu işəgötürənə təqdim etməlidir:
"Atalıq məzuniyyəti dövründə işçiyə orta əmək haqqı ödənilir. İşəgötürən 14 təqvim gününə düşən iş günlərinə uyğun olaraq əmək haqqının hesablanmasını təmin etməlidir".
Bu yenilik gənc atalar üçün maddi və mənəvi dəstək mexanizmidir. Əvvəllər kişilər övladı doğulanda ya öz hesabına (maaşsız) məzuniyyət götürməli, ya da illik məzuniyyətindən kəsməli olurdular. İndi isə dövlət zəmanət verir ki, siz övladınızın ilk günlərində onun yanında olarkən maaşınız kəsilməyəcək. Bu, həm də ailədə yükün yalnız ananın üzərinə düşməməsinə və atanın övladı ilə erkən bağ qurmasına şərait yaradır.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью