Atamdan mənə yadigar qalan ən böyük miras ...

01.11.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər insanın həyatında təqvimdəki adi günlərdən fərqlənən, yaddaşında xüsusi yer tutan, illər keçsə də, əvvəlki duyğusunu itirməyən tarixlər var. Elə günlər ki, insan üçün sadəcə xatırlanan bir tarix deyil, yaşanan, hiss edilən, bəzən sevinc, bəzən də kövrək xatirələrlə dolu bir gündür. 1 noyabr mənim üçün məhz belə tarixlərdəndir. Bu gün rəhbərlik etdiyim Moderator.az xəbər portalının fəaliyyətə başlamasından 14 il ötür.

Təqvimdə iki rəqəmlə ifadə olunan bu zaman kəsiyinin arxasında nə qədər zəhmət, yuxusuz gecələr, çətin qərarlar, görünməyən mübarizələr və gerçəkləşən arzular dayanır. Moderator.az mənim üçün heç vaxt yalnız bir xəbər portalı olmayıb. Bu platforma mənim üçün bir mövqe, bir məsuliyyət, peşəyə sədaqət və hər gün yenidən başlamaq iradəsidir.

Bu tarixdən, bu yoldan danışarkən həyatımda xüsusi yeri olan bir insanı – mərhum atam, tanınmış jurnalist Zülfüqar Hüseynzadəni xatırlamamaq mümkün deyil. Moderator.az-ın ərsəyə gəlməsində onun böyük zəhməti, əməyi və mənəvi dəstəyi olub. Bu gün mənim üçün bu portalın dəyəri təkcə fəaliyyət tarixçəsi ilə ölçülmür. Onun arxasında atamın jurnalistikaya sevgisi, illərlə formalaşdırdığı peşə təcrübəsi, sözə və qələmə verdiyi qiymət, eləcə də mənimlə bölüşdüyü arzular dayanır.

Atamın bu gün aramızda olmaması həyatımda sözlə ifadəsi çətin olan bir boşluq yaradıb. Elə məqamlar var ki, insan keçdiyi yola nəzər salarkən yanında olmasını ən çox arzuladığı şəxsin yoxluğunu daha dərindən hiss edir. Mən də Moderator.az-ın hər yeni uğurunda, hər inkişaf mərhələsində onunla bölüşmək istədiyim çox şeyin olduğunu düşünürəm. Kaş bu gün yanımda olaydı, gördüyümüz işləri, əldə etdiyimiz nəticələri, qarşıya qoyduğumuz yeni hədəfləri onunla bölüşə biləydim...

Ancaq inanıram ki, insanın həyatda qoyduğu iz onun ömrünün uzunluğu ilə ölçülmür. Bəzən bir fikir, bir ideya, bir amal insanın özündən sonra da yaşayır, zamanın sınağından keçir və gələcək nəsillərə yol göstərir. Moderator.az-ın fəaliyyəti mənim üçün həm də atamın jurnalistlik irsinə, əziz xatirəsinə və birlikdə qurduğumuz arzulara sədaqətin ifadəsidir. Bu gün mənə düşən ən böyük məsuliyyət həmin mirası qorumaq, onu inkişaf etdirmək və gələcək nəsillərə daha böyük uğurlarla ötürməkdir. İstəyirəm ki, Moderator.az yalnız bu günün deyil, gələcəyin də etibarlı söz və fikir platformalarından biri olsun.

Bu illər ərzində Azərbaycan mediasının keçdiyi dəyişikliklərin, informasiya məkanında baş verən yeniliklərin və yeni çağırışların da şahidinə çevrilmişik. Xəbərin saniyələr içərərisində yayıldığı, sosial şəbəkələrin ənənəvi media ilə rəqabət apardığı, informasiya istehsalı və istehlakının sürətlə dəyişdiyi bir dövrdə fəaliyyət göstərmək heç də asan deyil. Belə bir şəraitdə medianın qarşısında dayanan əsas vəzifə yalnız sürətli olmaq deyil, həm də etibarlı, məsuliyyətli və obyektiv informasiya təqdim etməkdir.
Mən hesab edirəm ki, medianın missiyası baş verən hadisələri ictimaiyyətə çatdırmaqla məhdudlaşmır. Media eyni zamanda sual verməli, cəmiyyətin diqqətindən kənarda qalan məsələləri gündəmə gətirməli, ictimai maraqları müdafiə etməli və insanların səsini eşitdirməlidir. Jurnalistikanın əsl gücü də məhz bu məsuliyyəti nə dərəcədə daşımasında üzə çıxır.

Əlbəttə, bu yolun öz çətinlikləri, sınaqları və məsuliyyətləri var. Bəzən susmaq daha asan, mövqe bildirmək isə daha çətin olur. Bəzən bir xəbərin arxasında dayanan məsuliyyət həmin xəbərin hazırlanmasına sərf edilən zəhmətdən də ağır gəlir. Lakin mənim üçün medianın həqiqi dəyəri məhz belə məqamlarda müəyyənləşir. Çünki oxucunun etimadı istənilən statistik göstəricidən, auditoriyanın sayından və ya reklam gəlirindən daha qiymətlidir. Bu etimadı qazanmaq illərin zəhmətini, qorumaq isə hər gün yenidən məsuliyyətlə çalışmağı tələb edir.

Moderator.az-ın gələcək hədəflərinə gəldikdə isə, bu yubiley bizim üçün yekun deyil, yeni inkişaf mərhələsinin başlanğıcıdır. İnformasiya məkanı dayanmadan dəyişir, media yeni imkanlar və çağırışlarla üzləşir. Biz də bu dəyişiklikləri kənardan izləməklə kifayətlənmək deyil, onların fəal iştirakçısına çevrilmək, yenilikləri fəaliyyətimizə tətbiq etmək və oxucularımıza daha geniş imkanlar təqdim etmək niyyətindəyik.

Bu baxımdan, Moderator.az ailəsinin yeni layihəsi olan MOD TV-nin fəaliyyətə başlaması xüsusi əhəmiyyət daşıyır. Mən bu layihəni sadəcə portalımızın fəaliyyət istiqamətlərinin genişləndirilməsi kimi qiymətləndirmirəm. MOD TV bizim üçün yeni düşüncəyə, fərqli yanaşmalara və müasir media imkanlarına açılan yeni qapıdır. Məqsədimiz informasiyanı yalnız yazılı mətn vasitəsilə deyil, video jurnalistikasının geniş imkanlarından istifadə etməklə də oxucu və izləyicilərimizə çatdırmaqdır. İnanıram ki, MOD TV qarşıdakı dövrdə maraqlı layihələrə, aktual müzakirələrə, fərqli yanaşmalara və keyfiyyətli media məhsullarına imza atacaq.

Bütün bunların arxasında isə dəyişməz bir həqiqət dayanır: heç bir media qurumu yalnız rəhbərin arzuları və səyləri ilə inkişaf edə bilməz. Davamlı uğur üçün fədakar kollektiv, ortaq məqsədə inanan, öz işinə məsuliyyətlə yanaşan və hər yeni mərhələdə inkişaf etməyə hazır olan insanlar lazımdır. Bu münasibətlə Moderator.az-ın bütün əməkdaşlarına, bu illər ərzində bizimlə birgə yol gələn, zəhməti və əməyi ilə portalın inkişafına töhfə verən hər kəsə təşəkkürümü bildirirəm. MOD TV layihəsinin fəaliyyətə başlaması münasibətilə kollektivimizə uğurlar arzulayıram. Qarşıda bizi yeni ideyalar, yeni layihələr və həyata keçirilməsini gözləyən çoxsaylı planlar gözləyir.

Şəxsən mənim üçün ən böyük motivasiya hələ görüləsi işlərin, reallaşdırılacaq arzuların və qarşıya qoyulacaq hədəflərin çox olmasıdır. Moderator.az-ı daha irəli aparmaq, onun imkanlarını genişləndirmək, yeni nailiyyətlərə imza atmaq üçün daim özümlə, mövcud çətinliklərlə və bəzən də zamanla mübarizə aparıram. Etiraf edim ki, bu mübarizə bəzən yorucu olur. Ancaq yorğunluq heç vaxt dayanmaq üçün səbəbə çevrilməyib. Əksinə, məni daha çox çalışmağa, yeni yollar axtarmağa və başladığımız işi daha böyük uğurlara daşımağa sövq edib.

Mən daim yeniliklərə can atıram. Çünki media sahəsində yerində saymaq əslində geriyə getmək deməkdir. Jurnalist mənim düşüncəmdə dəmir parçasına bənzəyir: öz gücündən, bacarığından və imkanlarından istifadə etmədikdə paslanmağa məhkumdur. Dəmir işlədikcə möhkəmləndiyi kimi, jurnalist də daim hərəkətdə, axtarışda, öyrənmək və inkişaf etmək əzmində olduqda peşəkarlaşır. Mən də bu prinsipə sadiq qalaraq öz üzərimdə çalışmağa, öyrənməyə, yeniliklərə açıq olmağa və yeni media məhsulları yaratmağa səy göstərirəm.

Bir məqamı da xüsusi vurğulamaq istəyirəm: bu illər ərzində qazandığımız ən böyük dəyər bizi oxuyan, izləyən, fikirlərimizə münasibət bildirən, fəaliyyətimizi diqqətdə saxlayan və bəzən də tənqid edən insanlardır. Çünki media ilə oxucu arasında etimad yalnız məlumat təqdim etməklə deyil, qarşılıqlı münasibət, məsuliyyət və davamlı ünsiyyətlə formalaşır. Tənqid də, dəstək də bu inkişaf yolunun ayrılmaz hissəsidir. Bizim üçün hər ikisi vacibdir.
1 noyabr mənim üçün yalnız Moderator.az-ın yaranma günü deyil. Bu tarix həm də keçilən yola nəzər salmaq, əldə olunanları dəyərləndirmək, qarşıya yeni hədəflər qoymaq və ən əsası, bu yolun başlanğıcında əməyi olan insanları minnətdarlıqla xatırlamaq günüdür.

Atamdan mənə qalan ən böyük miraslardan biri bu platformadır. Onun xatirəsini yaşatmağın ən gözəl yollarından birinin də başladığı işə sahib çıxmaq, onu qorumaq və daha böyük uğurlara daşımaq olduğuna inanıram. Bəlkə də bu səbəbdən Moderator.az-ın hər yeni uğuru mənim üçün adi bir peşə nailiyyətindən daha artıq məna daşıyır. Bu uğurlar həm də bir övladın atasının xatirəsinə sədaqətinin, ona olan ehtiramının və yarımçıq qalmamasını istədiyi arzularının davamıdır.

Bu gün yaşımız tamam olur. Ancaq qarşımıza qoyduğumuz hədəflər yaşımızdan daha böyükdür. Hələ deyəcəyimiz çox söz, işıqlandıracağımız çox mövzu, həyata keçirəcəyimiz çox layihə var.

Moderator.az-ın 14 yaşı mübarək! Arzum budur ki, qarşıdakı illər portalımız üçün daha böyük uğurların, yeni media nailiyyətlərinin və gerçəkləşən arzuların başlanğıcı olsun. Ən böyük istəyim isə bu yolu davam etdirərkən atamın adını, onun zəhmətini və mənəvi mirasını hər zaman layiqincə yaşada bilməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью