Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
(Həyat dərsi)
60 il əvvəl televizorların ağ-qara olduğu illərdə yerli kanalda bir saatlıq sənədli bir filmə baxmışdım. Sənədli film amerikalı Endryu Karneqinin (1835-1919) həyatı ilə bağlı idi.
Endryu Karneqi 19-cu əsrin sonları ilə 20-ci ərsin əvvəllərində ABŞ-də dünya polad kralı idi. Bir də necə olmasın ki? Dünya böyük bir müharibəyə hazırlaşırdı. Müharibəyə isə top lazım idi, tüfəng lazım idi, gəmi lazım idi... Və təbii ki, polad lazım idi.
Üstəlik, onlarla, yüzlərlə ton yox, minlərlə, milyonlarla ton... Endryu Karneqi bu illərdə o qədər pul qazandı ki, adı tarix boyu gəlmiş-keçmiş ən varlı 10 adam arasına girdi. Endryu Karneqinin var-dövləti bugünkü qiyməti ilə nə az, nə çox 300 milyard dollar idi. Belə böyük var-dövlətə malik olmasına baxmayaraq, “Dünya malı dünyada qalır” sözünə ürəkdən inananlardan biri idi. Buna görə də, qazandığı bu var-dövlətin böyük bir hissəsi ilə müxtəlif xeyriyyə cəmiyyətləri qurdu. O, bu xeyriyyə cəmiyyətlərinin əli ilə müxtəlif xəstəxanalara, məktəblərə, universitetlərə ianələr verirdi. Hətta, bir çox yoxsul ölkələrin də (xüsusilə də, Afrika ölkələrinin) onun bu ianələrində öz yeri var idi.
Təbii ki, bir gün bütün ölümlülər kimi o da öldü. Endryu Karneqinin vəsiyyətinin açılması və oxunması da böyük bir hadisə oldu. Bu mərasimdə yüzlərlə hakim, vəkil, journalist iştirak etdi. Yenə də müxtəlif xəstəxanalara ianələr, müxtəlif məktəblərə yardımlar, müxtəlif universitetlərə köməklər... Həyat yoldaşıma bu qədər, bir qızıma bu qədər, bir qızıma bu qədər... Və nəhayət ən əsas maddə: “Oğluma həyatda uğurlar!..”
Çoxları o vaxt üçün bunu böyük bir haqszılıq hesab etdilər. Çünki dünyanın ən varlı adamının doğma oğluna bir qəpik də pul vəsiyyət etməməsini heç cür dərk edə bilmirdilər. Jurnalistlər tez oğlunun yanına gedib vəziyyəti ona xəbər verdilər. Oğlu bütün bu deyilənləri nəzakətlə dinlədi və sonra da: “Məncə səhv edirsiniz, cənablar! Atam mənə ən böyük mirasını vəsiyyət etdi. O mənə bir polad fabirikini necə planlaşdırmağı, necə qurmağı, necə işlətməyi... öyrətdi. Sabahdan gec olmayaraq öz işimi quracağam”, - dedi.
Filmin sonundakı sözü isə bugünkü kimi xatırlayıram: “O, bəlkə də atası qədər olmadı, ancaq yarısı qədər oldu”...