Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Ermənistanla münasibətlərdə və regionda sülhün bərqərar olunmasında nadir bir model yaradıb
Azərbaycan bu gün dünya ölkələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələr yaradıb və münasibətlərin yüksələn xətlə inkişafına xüsusi önəm verir. Qarşılıqlı maraqlar çərçivəsində tənzimlənən əməkdaşlıq həm də ölkəmizin dünyaya inteqrasiya prosesini sürətləndirir. Dövlətimizin xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq da mühüm yer tutur. Bu mənada, Azərbaycan beynəlxalq platformalarda aktiv iştirak edir.
ATƏT PA-nın prezidentinin ölkəmizə səfəri...
Ölkəmizin fəal əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də ATƏT Parlament Assambleyasıdır. Yeri gəlmişkən, bugünlərdə ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro ölkəmizə səfər edib. Sentyabrın 3-də Prezident İlham Əliyev onu qəbul edib. Görüş zamanı qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlətimizin başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik edib.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğulayıb. Prezident deyib ki, Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib.
Söhbət zamanı Avropanın bəzi parlament təsisatlarından fərqli olaraq, Azərbaycanın ATƏT Parlament Assambleyası ilə təmaslarından və siyasi dialoqdan məmnunluq ifadə edilib. ATƏT Parlament Assambleyasının gündəliyində də bütün ATƏT məkanına balanslı münasibətin nümayiş etdirilməsinin önəmi vurğulanıb.
ATƏT məkanında təhlükəsizlik çağırışları aktualdır
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro ilə görüşüb. Görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq gündəliyində duran məsələlər, ATƏT məkanında mövcud təhlükəsizlik çağırışları, regionda vəziyyət, habelə Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə olunub. C.Bayramov Azərbaycanın ATƏT Parlament Assambleyası ilə əməkdaşlığa əhəmiyyət verdiyini, parlamentlərarası dialoqun ATƏT məkanında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın təşviqində mühüm rol oynadığını qeyd edib. Bu çərçivədə Azərbaycan Milli Məclisinin ATƏT PA çərçivəsində fəaliyyəti, qarşılıqlı səfərlər və müxtəlif səviyyələrdə keçirilən görüşlərin əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.
Görüşdə Azərbaycanın regional və daha geniş beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələr, habelə “yaşıl enerji” sahəsində təşəbbüslər barədə məlumat verilib.
Qeyd edək ki, hazırda dövlətlərarası münasibətlərin inkişafında və beynəlxalq platformalarda parlament diplomatiyasının rolu olduqca önəmlidir. Bu mənada, ölkəmizin parlament diplomatiyası müstəvisində yürütdüyü xarici siyasət priorotet təşkil edir. Son illərdə həyata keçirilən parlament diplomatiyası nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində və beynəlxalq platformalarda mövqeyi daha da möhkəmlənib. Artıq Azərbaycanda beynəlxalq və regional təşkilatların parlament şəbəkələrinin toplantılarının keçirilməsi ənənəsi formalaşıb. Son zamanlar parlament diplomatiyası çərçivəsində Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə və toplantılara ev sahibliyi edib. Eyni zamanda dünyanın ən müxtəlif ölkələrinin parlament nümayəndələri ölkəmizə səfər edir. Dünya ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri formalaşır. Təbii ki, bu cür əlaqələrin qurulması ölkələr arasında münasibətlərin inkişafına xidmət etməklə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq platformalarda dəstəklənməsində təsirli amildir.
Hazırda Milli Məclis bir çox nüfuzlu təşkilatların -Parlamentlərarası İttifaq, MDB PA, Asiya PA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, GUAM PA, TÜRKPA, NATO PA və s. işində fəal təmsil olunur. Məhz bu təşkilatlar çərçivəsində aparılan uğurlu əməkdaşlıq fəaliyyəti nəticəsində vaxtilə Ermənistanın apardığı işğalçılıq siyasətini ifşa edən qərarlar qəbul edilib. Azərbaycanın parlament diplomatiyasının beynəlxalq miqyasda nüfuz qazanmasının göstəricilərindən biri də Milli Məclisin ATƏT Parlament Assambleyasında uğurlu təmsilçiliyidir. Milli Məclis uzun illərdir bu təşkilatla əməkdaşlıq edir. Hazırda ölkəmiz ATƏT PA-da 6 millət vəkilindən ibarət nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə deputat Qaya Məmmədov rəhbərlik edir.
Milli Məclisdə görüşlər keçirilib
Yeri gəlmişkən, sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro Milli Məclisdə də olub. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan ilə təşkilat arasındakı əməkdaşlıq, regionda sülhün və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə toxunub. O, ATƏT PA-nın regionda fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycanın regionda sülh və sabitliyin təşviqində nümunəvi ölkə olduğunu diqqətə çatdırıb.
ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro isə Azərbaycanın regiondakı geostrateji roluna, Avropa ilə iqtisadi-logistik əlaqələrə və parlament diplomatiyasının perspektivlərinə toxunaraq ölkəmizin geniş regionda qlobal iqtisadi layihələrin, logistikanın mərkəzində durduğunu və Avropanın etibarlı qaz təchizatçısı kimi mühüm rola malik olduğunu xüsusi vurğulayıb. O, Azərbaycanın Ermənistanla münasibətlərdə və regionda sülhün bərqərar olunmasında nadir bir model yaratdığını vurğulayıb.
ATƏT Parlament Assambleyasının prezidenti, həmçinin Milli Məclisin ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri ilə də görüşüb. Milli Məclisin deputatı və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qaya Məmmədov Cənubi Qafqazda sülh prosesi, regional iqtisadi imkanlar və beynəlxalq dialoqun əhəmiyyəti barədə danışıb.
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev Cənubi Qafqazda yaranan yeni geopolitik reallıqlar, ikitərəfli sülh danışıqları və regional nəqliyyat-logistika layihələrinə toxunublar, işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsi və bunun insan həyatına vurduğu ağır fəsadlardan söz açıblar.
Pere Joan Pons Sanpietro regional sülh quruculuğu prosesini yüksək qiymətləndirərək, təşkilatın yeni geopolitik reallıqlara uyğunlaşmasının və regionda dayanıqlı sülhün dəstəklənməsinin vacibliyini qeyd edib.
Nardar BAYRAMLI