Atılan bütün addımlar tıxacın aradan qaldırılması məqsədi daşıyır AÇIQLAMA

02.02.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Məlum olduğu kimi, Bakıda qeydiyyatdan keçən sürücülər Sumqayıtda, Sumqayıtda qeydiyyatda olanlar isə Bakıda sərnişin götürə bilmirlər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün yeni qaydalar narazılığa səbəb olub. Qiymətlər isə bir neçə dəfə artıb.

Mövzu ilə bağlı Ölkə.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, burada əsas məsələ tıxacın və sıxlığın qarşısının alınmasıdır.

Onun sözlərinə görə, hazırda şəhərdə tıxacdan ciddi şəkildə əziyyət çəkirik:

"Atılan bütün addımlar istər velosiped zolaqlarının salınması, istər avtobus zolaqları, yeni piyada keçidlərinin yaradılması və digər tədbirlər ümumi tıxacın aradan qaldırılması məqsədi daşıyır. Bəziləri bunun taksilərlə əlaqəsini soruşur. Ümumiyyətlə, böyük şəhərlərdə taksilərin sayına məhdudiyyət qoyulur. İslahatlardan əvvəl 70 mindən çox taksi var idi, indi isə bu rəqəm təxminən 30 mindən bir qədər çoxdur. Üstəlik, 25 min civarında kvota müəyyən edilib, yəni taksilərin sayı yarıdan çox azaldılıb. Bu normaldır və belə də olmalıdır. Çünki şəhər mühitində minik avtomobillərindən istifadə mümkün qədər məhdudlaşdırılır. Əsas sıxlığı yaradan da məhz bu minik avtomobilləridir".

Nəqliyyat eksperti onu da qeyd edib ki, ictimai nəqliyyatın - avtobusların, metronun, tramvayların və mikromobillik vasitələrinin təşviqi və işinin optimallaşdırılması tıxacın aradan qaldırılması üçün atılan əsas addımlardandır:

"Taksilərə tətbiq olunan məhdudiyyətlər bəzən tam anlaşılmır. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitəsi harada qeydiyyatdan keçibsə, əsasən həmin ərazidə fəaliyyət göstərməlidir. 

Geniş baxış bucağından yanaşdıqda, taksilərin və ümumilikdə minik avtomobillərinin məhdudlaşdırılması qarşıya qoyulan əsas məqsədlərdəndir. Əlbəttə, zəruri hallarda məsələn, xəstə daşınarkən və ya yük olduqda bu nəqliyyat vasitələrindən istifadə qaçılmazdır. Amma hər gün işə gedib-gəlmək və ya adi gündəlik işlər üçün taksidən istifadə tıxacın və sıxlığın artmasına çox ciddi təsir göstərir".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью