Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Rusiya-Ukrayna müharibəsi, İran ətrafında gərginlik, beynəlxalq ticarət və enerji təhlükəsizliyi xarici işlər nazirlərinin görüşünün əsas müzakirə mövzularıdır
Dünya siyasətində ziddiyyətlərin dərinləşdiyi, regional münaqişələrin beynəlxalq iqtisadiyyata təsirinin artdığı bir vaxtda Böyük İyirmiliyin (G20) xarici işlər nazirləri ABŞ-ın Atlanta şəhərində bir araya gəlirlər. Oktyabrın 30-31-də keçirilən görüş dünyanın aparıcı iqtisadiyyatları arasında siyasi dialoqun qorunması və ortaq problemlərin həlli istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Associated Press agentliyinin yaydığı məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio görüşə sədrlik edir. Toplantıda Rusiya və Çin nümayəndələrinin də iştirakı nəzərdə tutulub. Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsini təmsil edir, Çin isə xarici işlər nazirinin müavini səviyyəsində iştirak edir.
Müzakirələrin əsas istiqamətlərindən birini Rusiya-Ukrayna müharibəsi təşkil edir. Münaqişənin davam etməsi Avropada təhlükəsizlik vəziyyətinə, beynəlxalq münasibətlərə və enerji bazarına ciddi təsir göstərir. Rusiyanın görüşdə yüksək səviyyədə təmsil olunması Qərb ölkələri arasında da fikir ayrılıqlarına səbəb olub. Bir sıra müttəfiqlər Moskvanın iştirakı fonunda Ukrayna məsələsində ortaq mövqenin formalaşdırılmasının çətinləşəcəyindən narahatdırlar.
İran ətrafında yaranmış gərginlik də toplantının mühüm gündəm məsələlərindəndir. ABŞ və İsrailin İranla qarşıdurması, regionda hərbi eskalasiya ehtimalı və bunun qonşu dövlətlərə mümkün təsirləri beynəlxalq təhlükəsizlik baxımından xüsusi diqqət tələb edir. Mənbənin məlumatına görə, Vaşinqtonun prioritetlərindən biri Hörmüz boğazı, Qırmızı dəniz, Qara dəniz və Cənubi Çin dənizində sərbəst gəmiçiliyin təmin olunmasıdır.
Bununla yanaşı, beynəlxalq ticarət tarifləri, enerji və ərzaq təhlükəsizliyi, kritik mineralların təchizatı və qlobal tədarük zəncirlərinin dayanıqlılığı da müzakirə mövzuları sırasındadır. Bu məsələlər xüsusilə indiki şəraitdə əhəmiyyətlidir. Çünki hərbi-siyasi qarşıdurmaların genişlənməsi nəqliyyat marşrutlarına, istehsal proseslərinə və dünya bazarlarında qiymətlərin sabitliyinə birbaşa təsir göstərir.
ABŞ Dövlət Departamentinin mayın 18-də yaydığı rəsmi məlumatda bildirilirdi ki, Atlanta görüşü beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qlobal iqtisadi çağırışların müzakirəsi, açıq bazarların və dayanıqlı təchizat zəncirlərinin dəstəklənməsinə həsr olunacaq.
Görüşün digər mühüm məqamı onun dekabr ayında keçiriləcək G20 liderlərinin sammitinə hazırlıq mərhələsi olmasıdır. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi edəcəyi həmin sammit dekabrın 14-15-də Mayamidə təşkil olunacaq.
Bununla belə, Atlantada bütün mübahisəli məsələlər üzrə vahid mövqeyin əldə ediləcəyi gözlənilmir. Associated Press-in təhlilində qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi, İran ətrafındakı qarşıdurma, ticarət siyasəti və Cənubi Çin dənizindəki gərginlik iştirakçı dövlətlərin mövqeləri arasında ciddi fərqlər yaradır.
G20 çərçivəsində keçirilən bu görüş bir daha göstərir ki, müasir beynəlxalq münasibətlərdə iqtisadi təhlükəsizlik siyasi sabitlikdən ayrı mövcud ola bilməz. Dünyanın aparıcı iqtisadiyyatlarının qarşısında duran əsas vəzifə fərqli maraqlara baxmayaraq, qlobal ticarətin, enerji təchizatının və beynəlxalq nəqliyyat yollarının təhlükəsizliyini qorumaq üçün əməkdaşlıq imkanlarını genişləndirməkdir. Atlantadakı müzakirələrin nəticələri də bu istiqamətdə böyük dövlətlərin nə dərəcədə ortaq mövqe nümayiş etdirə biləcəyini göstərəcək.
N.Adilqızı
XQ