Atlantik okeanında tarixi rekord KONKRET

09.11.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransalı yelkənçi Tom Laperş dünyanın ən nüfuzlu transatlantik yarışlarından biri olan Route du Rhum-un qalibi olub. O, Atlantik okeanını təkbaşına cəmi 6 gün 13 saat 27 dəqiqə 40 saniyəyə keçərək yeni rekord müəyyənləşdirib. 29 yaşlı idmançı 32 metrlik SVR-Lazartigue trimaranını idarə etməklə dörd il əvvəl qeydə alınmış nəticəni 6 saat 19 dəqiqə 45 saniyə yaxşılaşdırıb.

Laperş noyabrın 7-də yerli vaxtla saat 22:31-də Karib dənizində yerləşən Qvadelupa adası yaxınlığında finiş xəttini keçib. Həmin vaxt Fransada artıq noyabrın 8-i başlamışdı.

Onu Puent-a-Pitr limanında yüzlərlə azarkeş qarşılayıb. Route du Rhum yarışında ilk dəfə iştirak edən gənc fransız yelkənçi debütündə qalib gəlməklə yanaşı, turnirin tarixində 30 yaşına çatmamış üçüncü qalib kimi də adını tarixə yazdırıb.

Finişdən sonra Laperş uşaqlıq arzusunu gerçəkləşdirdiyini bildirib. Onun sözlərinə görə, bu arzu hələ kiçik yaşlarından məşhur fransız dənizçilərinin yarışlarını izləyərkən yaranıb.

“Bütün hekayəm uşaqlıqda La-Trinit-sür-Merdə başlayıb. Mən burada onilliklər ərzində keçirilən yarışların finişlərini, böyük çempionların möhtəşəm görüntülərini izləyirdim. Əvvəlcə belə qayıqlarda üzməyi, sonra təkbaşına yarışlarda iştirak etməyi, bəlkə də bir gün Route du Rhum-da mübarizə aparmağı xəyal edirdim. İndi isə 2026-cı il yarışının ən gözəl qayığının sükanı arxasında bu yarışı qazanmaq məni sözün əsl mənasında xoşbəxt edir”, – deyə qalib etiraf edib.

Yelkənçinin sözlərinə görə, okean keçidi zamanı gəmi ilə arasında qeyri-adi bir bağlılıq yaranıb.

“Hər külək əsməsində, hər yelkən dəyişikliyində qayıqla tamamilə birləşdiyimi hiss edirdim. İstəyirdim ki, o, mümkün qədər sürətlə hərəkət etsin. Bəzən qayıq səndən yalnız bunu tələb edir və onun imkanlarına uyğunlaşmağa çalışmaq böyük zövq verir. Özümü sanki xüsusi bir vəziyyətdə hiss edirdim”, – deyə Laperş bildirib.

Atlantik okeanında rekord sürət

Yarış noyabrın 1-də Fransanın Sen-Malo şəhərindən start götürüb. İştirakçılar Atlantik okeanını keçərək Qvadelupaya çatmalı idilər. Start və finiş nöqtələri arasındakı ən qısa məsafə 3542 dəniz mili, başqa sözlə, təxminən 6560 kilometr təşkil edir.

Lakin Laperş külək və hava şəraitini nəzərə alaraq marşrutunu dəyişib və faktiki olaraq 4308 dəniz mili, yəni təxminən 7980 kilometr məsafə qət edib.

Bu məsafə üzrə onun orta sürəti 27,18 düyünə, saatda təxminən 50 kilometrə bərabər olub.

Bəzi marşrut hissələrində SVR-Lazartigue daha yüksək sürət nümayiş etdirib. Komandanın məlumatına görə, Uessan adası yaxınlığında trimaranın sürəti 48,9 düyünə, başqa sözlə, saatda 90 kilometrdən çox göstəriciyə çatıb. Müqayisə üçün qeyd edək ki, gəminin ekipajla birlikdə qeydə alınmış maksimal sürəti əvvəllər təxminən 51 düyün olub.

SVR-Lazartigue Ultim sinfinə aid nəhəng okean trimaranıdır. Uzunluğu təxminən 32 metr, eni isə 23 metr olan bu tip gəmilər sualtı qanadlarla təchiz edilir. Yüksək sürət zamanı gövdənin bir hissəsi suyun səthindən qalxır və bununla da suyun müqaviməti azalır.

Belə bir gəmini təkbaşına idarə etmək isə olduqca mürəkkəb və təhlükəli işdir. Yelkənçi yelkənləri müstəqil şəkildə dəyişməli, texniki avadanlıqları daim nəzarətdə saxlamalı, mürəkkəb manevrlər etməli və demək olar ki, normal yatmaq imkanından məhrum olmalıdır.

Laperş yarışın başlanğıcından rəqiblərinə yüksək temp diktə edib. Startdan cəmi yarım saat sonra, Freel burnu yaxınlığında o, əsas favoritlərdən biri hesab edilən Armel Le Kleakı daha uğurlu manevrlər və vaxtında həyata keçirilən yelkən dəyişiklikləri sayəsində qabaqlayıb.

Aradan 15 saat keçəndə onun üstünlüyü 28 dəniz milinə, iki gün sonra isə 82 milə çatıb.

Bununla belə, yarış iştirakçıları üçün hava şəraiti ciddi sınağa çevrilib. Marşrutun bu hissəsində adətən üstünlük təşkil edən şimal-şərq passat küləklərinin əvəzinə qeyri-adi hava axınları müşahidə olunub. Bu isə yelkənçiləri daha şimala istiqamətlənməyə, kursu daim dəyişməyə və yelkənləri tez-tez yeniləməyə məcbur edib.

Təşkilatçılar Laperşin seçdiyi marşrutu yarış tarixində indiyədək qeydə alınmış ən şimal marşrutu kimi qiymətləndiriblər.

Okeanın ortasında dəhşətli qəza

Yarışın gedişində ciddi qəza da baş verib. Armel Le Kleakın idarə etdiyi Banque Populaire XI trimaranı Azor adaları yaxınlığında Atlantik okeanında çevrilib. Fransalı yelkənçi sonradan yük gəmisinin ekipajı tərəfindən xilas edilib.

Laperşin daha iki rəqibi isə texniki nasazlıqlar səbəbindən mübarizəni dayandırmalı olub. Şarl Kodrelyenin idarə etdiyi gəmidə sualtı qanad, Antoni Marşanın trimaranında isə mərkəzi sükanla bağlı problemlər yaranıb.

Rəqibinin qəzası barədə xəbər Laperşə də ciddi emosional təsir göstərib.

“Armelin okeanın ortasında, tamamilə tək olduğu halda qəza keçirdiyini eşidəndə qanım dondu. Bu xəbər məndə çox güclü hisslər yaratdı. Nə edəcəyimi bilmirdim, yarışa davam etməzdən əvvəl xeyli narahat oldum. Onun komandası üçün çox nigaran qaldım. Bu qəza bir daha xatırlatdı ki, bizim idman növümüz nə qədər qeyri-adi olsa da, daim təhlükə ilə üz-üzəyik. Bu qayıqlar möhtəşəmdir, lakin onlarla hər zaman çox incə bir sərhəd üzərində hərəkət edirik”, – deyə qalib bildirib.

Əsas rəqiblərinin sıradan çıxmasına baxmayaraq, yarışın son mərhələsi Laperş üçün heç də asan keçməyib. O, tropik depressiyadan yayınmalı, küləyin zəiflədiyi əraziləri aşmalı və Karib dənizinə yaxınlaşarkən çoxsaylı manevrlər etməli olub.

Finişə yaxınlaşdıqca dəyişkən küləklər, adalar ətrafındakı dəniz cərəyanları və balıqçılıq zonaları onun işini daha da çətinləşdirib.

Finişə bir neçə saat qalmış idmançı küləyin sürətinin gah 15-20, gah da 30 düyünə çatdığını bildirib. Nəhəng trimaran üzərində nəzarəti itirmək riskini nəzərə alan Laperş külək qəfil güclənəcəyi təqdirdə təhlükə yaranmaması üçün yelkənlərin maksimal sahəsini açmamağa qərar verib.

“Biz bura axmaqlıq etmək üçün gəlməmişik!” – deyə o, ehtiyatlı davranışını belə izah edib.

İkinci yerdə təcrübəli Toma Kovil

Yarışı ikinci yerdə təcrübəli fransız yelkənçi Toma Kovil başa vurub. Sodebo Ultim 3 trimaranını idarə edən idmançı qalibdən 15 saat 12 dəqiqə 25 saniyə geri qalıb. O, məsafəni 7 gün 4 saat 40 dəqiqə 5 saniyəyə qət edib.

Maraqlıdır ki, hər iki sualtı qanadının zədələnməsi Kovilin gəmisinin sürət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Buna baxmayaraq, o, əldə etdiyi nəticədən razı qaldığını bildirib:

“Fiziki və psixoloji imkanlarımın son həddinə qədər mübarizə apardığım üçün özümlə fəxr edirəm. Heç bir peşmançılığım yoxdur. Yarışı ikinci yerdə başa vurmaq üçün bir dəfə də olsun təslim olmadım”.

Kovil qalibin çıxışını da yüksək qiymətləndirərək Laperşin demək olar ki, qüsursuz yarış keçirdiyini vurğulayıb.

“İdeal yarışı məhz Tom Laperş keçirdi. Məncə, onlar komanda olaraq son illərin ən yaxşı çıxışını nümayiş etdirdilər. Luisə təşəkkür etmək, Tomu isə təbrik etmək istəyirəm”, – deyə o bildirib.

Uşaqlıq arzusundan dünya şöhrətinə

Route du Rhum yarışı Laperş ailəsi üçün xüsusi məna daşıyır. Onun atası Filipp diş həkimi olmaqla yanaşı, yelkən idmanına da böyük maraq göstərib. O, 2010-cu ildə həmin yarışda iştirak edərək Multi50 sinfində dördüncü yeri tutub.

Həmin vaxt hələ uşaq olan Tom atasına ailə yelkənlisini Atlantik okeanını keçməyə hazırlamaqda kömək edib. Səkkiz yaşında isə artıq məşhur yelkənçi Toma Kovilin idman trimaranında dənizə çıxıb.

“Tom həmişə gördüyü işlərə çox ciddi yanaşırdı. Sakit, eyni zamanda son dərəcə həvəsli uşaq idi. Bəlkə də bu, çoxlarını təəccübləndirər, amma mən heç vaxt onun üçün qorxmamışam”, – deyə atası bildirib.

İxtisasca mühəndis olan Tom Laperş idman karyerasında qısa müddətdə böyük uğurlar qazanıb. 2022-ci ildə, cəmi 25 yaşında nüfuzlu Solitaire du Figaro tək yelkənli yarışının qalibi olub.

Sonralar Fransanın tanınmış okean yelkənçilərindən Fransua Gabar ona SVR-Lazartigue trimaranının idarə edilməsini etibar edib.

2024-cü ildə Laperş həmin trimaranla təkbaşına dünya səyahətinə çıxmağa cəhd göstərib. Lakin gəminin zədələnməsi və su sızması səbəbindən yarışı yarımçıq dayandırmalı olub.

2025-ci ildə isə Frank Kamma ilə birlikdə Transat Cafe Lor yarışını qazanıb. İndi onun uğurlar siyahısına Route du Rhum-un tarixi qələbəsi də əlavə olunub.

Laperş trimaranın beş il ərzində təkmilləşdirilməsi üzərində çalışan komandaya, eləcə də onun dünyanın aparıcı okean yelkənçilərindən birinə çevrilməsində mühüm rol oynayan Fransua Gabara, Frank Kammaya və Paskal Bideqorriyə xüsusi təşəkkür edib.

“Dənizdə tamamilə tək idim, amma sahildəki komandanın inanılmaz iş gördüyünü deyə bilərəm”, – deyə idmançı vurğulayıb.

Növbəti hədəf – dünya ətrafında təkbaşına səyahət

Tom Laperşin qarşısında indi daha böyük məqsəd dayanır: nəhəng Ultim trimaranlarından biri ilə dünya ətrafında təkbaşına səyahəti başa çatdırmaq.

Bu istiqamətdə növbəti böyük sınaq 2028-ci ilin yanvarında start götürməsi planlaşdırılan Arkéa Ultim Challenge yarışı olacaq.

“İndiyədək bacarmadığım əsas iş belə qayıqlardan biri ilə dünyanın ətrafında tam səyahət etməkdir. Bizim idman növümüzdə bu, hələ də ən mühüm sınaqlardan biri olaraq qalır”, – deyə Laperş bildirib.

29 yaşlı fransız artıq Atlantik okeanının ən nüfuzlu yarışlarından birində öz sözünü deyib. İndi isə qarşısında okeanların və sərhədlərin tanımadığı daha böyük bir hədəf var.

Qalan iştirakçılar hələ də okeanın qoynunda mübarizəni davam etdirirlər. Yarışın digər nəticələri və təfərrüatları barədə məlumat verəcəyik.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью