Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Madrid “Atletiko”su milli komandaların noyabr oyunlarından sonra iki futbolçusunun səhhəti ilə bağlı problemlə üzləşib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Ademola Lukman Nigeriya millisində dizindən, Mark Pubil isə İspaniya yığmasında sol topuğundan zədələnib.
Lukman noyabrın 13-də Nigeriyanın Tanzaniya ilə keçirdiyi görüşün birinci hissəsində meydanı tərk etmək məcburiyyətində qalıb. İlkin müayinələr futbolçunun diz bağlarında dartılma olduğunu göstərib. Hücumçu milli komandanın düşərgəsindən ayrılıb və Madridə qayıdaraq əlavə tibbi müayinədən keçəcək.
Pubil isə İspaniyanın İngiltərəyə 2:3 hesabı ilə məğlub olduğu UEFA Millətlər Liqası matçında cəmi 20 dəqiqə oynaya bilib. Topuğundan zədələnən müdafiəçini Pedro Porro əvəzləyib.
Noyabrın 16-da aparılan müayinələr Pubilin zədəsinin ciddi olmadığını göstərib. Onun sol topuğunda yüngül burxulma aşkarlanıb. Müdafiəçinin noyabrın 22-də “Xetafe”yə qarşı oyunda iştirakı sual altında olsa da, növbəti həftə Çempionlar Liqasının “Vikinq”lə görüşünə hazır olması gözlənilir.
Lukmanın vəziyyəti isə daha çox narahatlıq doğurur. Nigeriyalı futbolçunun nə qədər müddətə sıradan çıxdığı hələ müəyyənləşməyib.
Qeyd edək ki, “Atletiko”nun heyətində Kristian Romero da zədədən sonra bərpa prosesini davam etdirir. Dieqo Simeonenin komandası noyabrın 22-də La Liqada “Xetafe”nin qonağı olacaq.