Atmosferə yaraşan futbol

22.11.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” Premyer Liqada növbəti qələbəsini qazanıb. “Atlılar” “Sumqayıt” səfərində üç xalı dörd qolla qazanıb.

Azarkeşlərin bütün tribunaları doldurduğu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda əsl futbol atmosferi var idi. Həm meydan sahiblərinin, həm qonaqların fanatları tez-tez komandalarına dəstək şüarları səsləndirir, rəqib hücumları zamanı basqı yaratmağa çalışırdı. Oyun da atmosferə yaraşan şəkildə keçdi.

Qarşılıqlı hücumların olduğu və 6 qolun vurulduğu matç liderin qələbəsiylə başa çatdı. “Sumqayıt” ikinci hissədə azlıqda qaldı, daha sonra penalti qazandı, amma yararlana bilmədi. Yeni transfer Nzana Simonun baxımlı qolu ilə hesabı 2:3 edən “kimyaçılar” yenidən ümidlənmişdi. Lakin topa nəzarəti özündə saxlayan “Qarabağ” son dəqiqələrdə “Sumqayıt” müdafiəsinin diqqətsizliyi nəticəsində daha bir qol vurdu və oyunun yekununu müəyyənləşdirdi.

“Qarabağ”da əsas diqqət çəkən Joni Montielin oyunu idi. Yayda heyətə cəlb edilən, lakin zədə səbəbindən bir müddət kənarda qalan yarımmüdafiəçi ilk dəfə start heyətdə meydana çıxdı. Kadi Borgesin zədələnməsi ilə komandaya uyğunlaşdırılmağa çalışılan Montiel özünü yaxşı tərəfdən göstərə bildi. Komandanın qurduğu hər hücumda demək olar, yerini alan yarımmüdafiəçi idman formasını daha yaxşılaşdırsa, Kadinin əsas heyətdəki yerini də ala bilər.

“Sumqayıt”da isə müdafiədəki boşluqlar məğlubiyyətə əsas səbəb oldu. Xüsusilə ikinci qolda müdafiədə kobud səhvə yol verən “kimyaçılar” ilk hissədə də bir neçə sürətli və yaxşı qurulmuş əks-hücumları boşa verdi. İkinci hissədə uğursuz penalti ilə diqqət çəkən Ramalinqom daha sonra qol ötürməsi etməklə qismən günahını yudu.

“Sumqayıt” bu mövsüm “Qarabağ”a məğlubiyyət yaşadan yeganə kollektivdir. Budəfəki matçda da mübarizə aparan, azlıqda olanda belə qol axtaran “kimyaçılar”ın oyunu komanda adına ümid verdi.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью