Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tədrisin təşkili, müəllimlərin fəaliyyəti, qiymətləndirmə prosesi və infrastrukturla bağlı tələbələrin şikayətləri gündəmə gəlib.
KONKRET.az-ın redaksiyasına daxil olan müraciətlərdə bəzi müəllimlərin dərslərə gecikdiyi, dərsləri vaxtından əvvəl başa vurduğu, semestrin sonuna yaxınlaşmasına baxmayaraq, bəzi fənlər üzrə müəllimlərin hələ də müəyyənləşdirilmədiyi iddia olunub. Həmçinin tələbələrin şikayətlərinə lazımi diqqət göstərilmədiyi, auditoriyaların və sanitar qovşaqların vəziyyətinin qənaətbəxş olmadığı bildirilib.
Müraciətlərdə dərslərin zirzəmi şəraitində keçirilməsi, tələbələrin bəzi fənlərdən məqsədli şəkildə kəsilməsi, yay məktəbləri vasitəsilə əlavə ödənişlərə cəlb olunması və magistrantlardan elmi işlərin hazırlanması üçün qeyri-rəsmi ödəniş tələb edilməsi ilə bağlı iddialar da yer alıb. Universitetin yubiley tədbirində tələbələrin iştirakına məhdudiyyət qoyulması da narazılıq doğuran məsələlər sırasında göstərilib.
Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq Azərbaycan Turizm və Menecment Universitetindən bildirilib ki, tədris ili başlamazdan əvvəl bütün kafedralar üzrə dərs yükünün bölgüsü yekunlaşdırılaraq təsdiqlənir. Universitetin açıqlamasına görə, bu prosesə hələ may ayından başlanılıb və hazırda bütün fənlər üzrə müəllim heyəti müəyyənləşdirilib.
Qeyd olunub ki, əməkdaşların xəstəliyi və ya ezamiyyəti kimi obyektiv səbəblərdən dərs cədvəlində dəyişiklik yarandıqda, həmin saatlar digər ixtisaslı müəllimlər tərəfindən əvəz olunur və ya sonradan bərpa edilir.
Universitet müəllimlərin fəaliyyətinə və tədrisin keyfiyyətinə nəzarətin prorektorlar, Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi, Tədris şöbəsi, dekanlıqlar və kafedralar tərəfindən həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, tələbələr arasında anonim sorğular keçirilir, açıq dərslər təşkil olunur və mütəmadi monitorinqlər aparılır.
ATMU-dan əlavə edilib ki, 2024-cü ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən universitetdə monitorinq keçirilib və ali təhsil müəssisəsi akkreditasiya komissiyasından yüksək qiymət alıb. Cari ilin noyabr ayında isə universitetdə akkreditasiyanın ilkin monitorinqi aparılıb.
Tələbələrin şikayətlərinin nəzərə alınmaması və müraciət edənlərə təzyiq göstərilməsi ilə bağlı iddialara münasibətdə universitet rəhbərliyi bildirib ki, tələbə məmnuniyyəti və şəffaflıq əsas prioritetlərdəndir. Açıqlamada hər bir tələbənin fikrini sərbəst ifadə etmək və müraciət etmək hüququnun təmin olunduğu, şikayət edən tələbələrə qarşı təzyiq və ayrı-seçkiliyin yolverilməz olduğu qeyd edilib.
Universitetin məlumatına görə, tələbələrin müraciətləri Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi, eləcə də Ümumi şöbə tərəfindən qəbul edilir. Elektron müraciət sistemi və rəhbərliyin qəbul günləri vasitəsilə daxil olan şikayətlər araşdırılır.
İnfrastrukturla bağlı məsələlərə toxunan ATMU nümayəndələri bildiriblər ki, 2024-2025-ci tədris ilində auditoriyalarda və sanitar qovşaqlarda cari təmir-tikinti işləri aparılıb. İşlər dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tender yolu ilə seçilmiş podratçı şirkətlər tərəfindən icra edilib, keyfiyyətə isə universitetin Təsərrüfat və texniki təchizat şöbəsi nəzarət edib.
Universitetin üçüncü korpusunun da layihələndirildiyi, hazırda Dövlət Turizm Agentliyi tərəfindən həmin binanın layihə-smeta sənədlərinin hazırlanması prosesinin davam etdiyi bildirilib. Qeyd olunub ki, hazırda binada dərslər keçirilmir və onun növbəti tədris ilində istifadəyə verilməsi gözlənilir.
Dərslərin zirzəmidə keçirilməsi ilə bağlı iddiaları isə universitet qəbul etməyib. Açıqlamada aşağı mərtəbədə yerləşən otaqların tam pəncərəli, təbii işıqlandırmaya malik tədris auditoriyaları olduğu, istilik və işıqlandırma sistemləri ilə təchiz edildiyi, sanitariya-gigiyena norma və standartlarına cavab verdiyi vurğulanıb.
Tələbələrin məqsədli şəkildə imtahanlardan kəsilməsi və qeyri-rəsmi ödənişlərə cəlb olunması barədə iddiaları əsassız adlandıran universitet rəhbərliyi imtahanların yazılı və ya test üsulu ilə, elektron kodlaşdırma sistemi əsasında keçirildiyini bildirib. Bu sistemin subyektiv müdaxiləni istisna etdiyi qeyd olunub. İmtahan nəticələrindən narazı qalan tələbələrin müraciət edə bilməsi üçün Apellyasiya Komissiyasının fəaliyyət göstərdiyi də diqqətə çatdırılıb.
Magistrantlardan elmi işlərin hazırlanması ilə bağlı qeyri-rəsmi ödəniş tələb edilməsi iddiaları da universitet tərəfindən təkzib olunub. Yay məktəblərinin isə tələbələrin müraciət və istəkləri əsasında təşkil edildiyi bildirilib. Tələbə sayı qrup formalaşdırmaq üçün kifayət etmədikdə onların digər universitetlərin yay məktəblərində iştirakının təmin olunduğu qeyd edilib.
Universitetin yubiley tədbirində tələbələrin az sayda iştirak etməsi ilə bağlı narazılıqlara cavab olaraq bildirilib ki, tədbirin keçirildiyi zalın tutumu və rəsmi protokol qaydaları nəzərə alınaraq fakültələri təmsil edən Tələbə Gənclər Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalları və məzunlar dəvət olunub. Bununla yanaşı, yubiley ili çərçivəsində bütün tələbələrin iştirakı üçün silsilə mədəni-kütləvi tədbirlərin təşkil edildiyi vurğulanıb. İyul ayında Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə universitetin 20 illiyinə həsr olunmuş “TurizmLab” yay düşərgəsinin keçirildiyi də bildirilib.
Universitet rəhbərliyinin göstərişi ilə səsləndirilən iddiaların araşdırılması və mövcud vəziyyətin yerində yoxlanılması üçün müvafiq struktur bölmələrinə tapşırıqlar verilib. Hər hansı neqativ hal aşkar olunacağı təqdirdə məsələyə hüquqi və inzibati qaydada baxılacağı, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Aynurə İsmayıl
KONKRET.az