Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin Turizm işi kafedrasının tədris proqramına müvafiq Bələdçiliyin əsasları fənni çərçivəsində ustad dərsi təşkil olunub.
Dərsin keçirilməsində başlıca məqsəd turizm təhsilini şərtləndirən keyfiyyət amilinin yüksəldilməsi, nəzəri biliklərin təcrübə ilə uzlaşdırılması və gələcəyin turizm bələdçilərinin peşəkar fəaliyyətə istiqamətlənməsinə zəmin yaratmaqdı.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Tural Musayev tərəfindən baş tutan ustad dərsinə universitetin turizm bələdçiliyi ixtisası üzrə təhsil alan tələbələri qatılıblar.
Ustad dərsində turizm bələdçiliyinə peşəkar yanaşmalar, müasir fəaliyyət prinsipləri və praktiki təcrübənin tələbələrə aşılanması, peşə fəaliyyətinə hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də ali təhsil müəssisəsi ilə turizm sənayesinin subyektləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi kimi məsələlər diqqətdə saxlanılıb.
“Turizm bələdçiliyi dedikdə yalnız turist qruplarının müşayiət edilməsi və marşrut üzrə istiqamətləndirilməsi nəzərdə tutulmur” fikrinə aydinliq gətirən Tural Musayev ustad dərsində kommunikasiya bacarıqları, mədəniyyətlərarası ünsiyyət kompetensiyaları, tarixi-mədəni irsin dərindən mənimsənilməsi və yüksək peşə etikasına münasibət bildirib. Eyni zamanda ölkənin mədəni irsinin təbliğatçısı, milli dəyərlərin təqdimatçısı, turizm destinasiyasının imicinin formalaşdırılmasında mühüm kommunikasiya vasitəçisi kimi roluna da aydınlıq gətirilib.
ATMU-da keçirilən ustad dərsləri tədris prosesinin praktik yönümlülüyünün artırılmasına, tələbələrin əmək bazarının real gözləntiləri ilə tanışlığına və peşəkar şəbəkələşmə imkanlarının genişləndirilməsinə xidmət edir. Sahə mütəxəssislərinin tədris prosesinə cəlb olunması isə universitet–sənaye əməkdaşlığının inkişafına, akademik biliklərlə peşəkar təcrübə arasında əlaqənin möhkəmləndirilməsinə təkan verir.
Turizm işi kafedrasının təşkilatçılığı ilə vaxtaşırı təşkil olunan ustad dərsləri turizm bələdçiliyi ixtisası üzrə təhsil alan tələbələrdə müasir dünyagörüşün formalaşması və rəqabətqabiliyyətli turizm mütəxəssisi kimi mövqe qazanmasına zəmin yaradır.
Qeyd etmək lazımdır ki, “Bələdçiliyin əsasları” fənni çərçivəsində baş tutan ustad dərsinin təşkili və keçirilməsində ATMU-nun Turizm işi kafedrasının müdiri Hafiz Hüseynovun səyi böyükdür.
Zərifə BƏŞİRQIZI
XQ