ATMU öz qəhrəman məzunlarını unutmur: şəhidin adı təqaüdlə əbədiləşdirilib

06.11.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş “Şanlı Qələbəmizin Zəfər tarixi” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a ATMU-dan bildirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ATMU-nun rektoru İlham Mədətov çıxışında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olduğunu vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasının dövlətçilik tariximizdə mühüm yer tutduğunu qeyd edərək, Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.

Tədbirdə ATMU-nun professoru Məhərrəm Zülfüqarlı Qarabağ müharibələrinin tarixi, Zəfərə aparan yol və tarixi Qələbənin əldə olunmasında xalq birliyinin rolu barədə danışıb. Vətən müharibəsində iştirak etmiş ATMU tələbə və məzunlarının xidmətlərini də xüsusi vurğulanıb. Bildirilib ki, müharibədə iştirak edən 100-dən çox universitet tələbəsi və məzunundan təxminən 60 nəfər müxtəlif medallarla təltif olunub. Şəhidlik zirvəsinə ucalan ATMU məzunu Məhəmmədəli Həsənzadə isə ölümündən sonra bir sıra medallara layiq görülüb. Professor qeyd edib ki, şəhid məzunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə universitetdə “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına Adlı Təqaüd” təsis edilib. Təqaüd bakalavriat və magistratura səviyyələrində təhsil alan, yüksək akademik göstəricilərə malik tələbələrə təqdim olunur.

Sonda rektor İlham Mədətov tələbələrə təltifnamələr təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью