Audit xidməti: Uyğunluqdan tərəfdaşlığa və etimada

17.09.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

Yubiley məclisində Auditorlar Palatasının sədri Vahid Novruzov Prezident İlham Əliyevin Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub. Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra, sədr çıxışı zamanı müstəqil audit institutunun formalaşmasının hüquqi əsasının ulu öndər Heydər Əliyevin 1994-cü il 16 sentyabr tarixində imzaladığı “Auditor xidməti haqqında” Qanunla qoyulduğunu bildirib. Qurumun 30 illik fəaliyyət yoluna nəzər salaraq, bu dövr ərzində Azərbaycanda müstəqil audit institutunun formalaşması, inkişafı və beynəlxalq audit məkanına inteqrasiyası istiqamətində həyata keçirilmiş mühüm tədbirləri diqqətə çatdırıb.

Vahid Novruzov Auditorlar Palatasının fəaliyyətində beynəlxalq təcrübənin tətbiqinə və peşəkar əməkdaşlığın genişləndirilməsinə də xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edilib ki, 2010-cu ildən etibarən Beynəlxalq Audit Standartlarının tətbiqinə başlanılması, audit xidmətinin inkişafına dair konsepsiyaların hazırlanaraq reallaşdırılması, Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) tamhüquqlu üzvlüyün təmin edilməsi, eləcə də dünyanın 40-dan artıq ölkəsinin audit və mühasibatlıq qurumları ilə işgüzar əlaqələrin qurulması Azərbaycan auditinin beynəlxalq peşə məkanında mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verib.

Qeyd edək ki, Azərbaycan Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Əməkdaşlıq Memorandumu imzalanıb. Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun prezidenti imzalanmadan sonra etdiyi çıxışda təmsil etdiyi qurumun keyfiyyətin təmin edilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizə və digər bir sıra istiqamətlər üzrə Azərbaycan Auditorlar Palatası ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.

Bundan əlavə, Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin təsis edilməsinə dair Saziş də 30 illik yubiley çərçivəsində imzalanıb. Sənədi Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Türkiyə İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumunun vitse-prezidenti Hayrettin Kurt, Qazaxıstan Auditorlar Palatası Şurasının sədri Sapar Koskimbayev, həmçinin Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov imzalayıb.

H.Kurt bildirib ki, ölkəsi mühasibat və audit sahəsində birgə addımlar atmağın, təcrübəsini bölüşməyin tərəfdarıdır: "Yaratdığımız birlik iqtisadiyyatlarımızın gələcəyi üçün çox qiymətli zəmin formalaşdıracaq. Türk dünyası olaraq bir araya gələcək, bir-birimizin hüququnu, iqtisadi, o cümlədən maliyyə fəaliyyətini sona qədər dəstəkləyəcəyik. Biz buna ürəkdən inanırıq". Öz növbəsində S.Koskimbayev isə deyib ki, birliyin yaradılması təşəbbüsünü Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev dəstəkləyir, hökuməti isə bəyənir: "Düşünürəm ki, qarşımıza qoyuduğumuz məqsədlərə nail olacağıq. Bu, ölkələrimizin və dövlətlərimizin xeyrinədir".

Sonda Auditorlar Palatasının 30 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

N.ETİBAROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью