“Auditoriyadan Zəfərə” ADNSU da şəhid məzunların xatirəsi yad edilib

05.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “44 gün – Tarixə yazılan Zəfər” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan bildirilib.

Tədbir iştirakçıları əvvəlcə universitetin şəhid məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, kompleks önünə əklil qoyublar. Daha sonra şəhidlərin adını daşıyan auditoriyalarda olaraq onların xatirəsini ehtiramla yad ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan xalqının həyatında mühüm yer tutduğunu vurğulayıb. O, bu qələbənin xalqımızın milli birliyinin, dövlətimizin gücünün, Azərbaycan Ordusunun qəhrəmanlığının və Vətənə bağlılığının nəticəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları - Aydın Mirzəzadə və Samir Vəliyev, eləcə də Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin xalqımızın həyatındakı yerindən, şəhidlərin qəhrəmanlığından və onların əziz xatirəsinin yaşadılmasının vacibliyindən bəhs ediblər.

Tədbirdə İkinci Qarabağ müharibəsində şəhid olmuş ADNSU məzunlarının və tələbələrinin, eləcə də Vətən uğrunda fədakarlıq göstərmiş qəhrəmanların xatirəsinə həsr olunan “Auditoriyadan Zəfərə” adlı sənədli film nümayiş etdirilib. Film universitet auditoriyalarından Vətən müdafiəsinə yollanan, təhsil yolundan qəhrəmanlıq yoluna keçən gənclərin həyat və döyüş yolunu əks etdirib.

Sonda ADNSU tələbələri tərəfindən “Sən qalibsən” kompozisiyası və “Qələbədir adın” musiqili tamaşasından bir parça təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью