Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tur Hamburq derbisi ilə start götürdü. Amma Almaniya futbolunda özünəməxsus yeri olan derbi bu dəfə ümidləri doğrultmadı və qolsuz başa çatdı.
"Football-plus.az" xəbər verir ki, “Hamburq” bundesliqa çərçivəsində əzəli rəqibə qarşı səfərdə keçirdiyi 9-cu qarşılaşmada da məğlub olmadı (4 qələbə, 5 heç-heçə)!
Ötən həftənin şənbə gününün oyunlarında maraqlı nəticələr qeydə alındı. “Ayntraxt” uğursuzluq zolağından heç cür çıxa bilmir. Bakıda şok yaşayan Frankfurt təmsilçisi ənənəsinə sadiq qalaraq yenə 3 qol buraxdı. “Hoffenhaym”la ev matçında fasiləyə öndə yollanmasına baxmayaraq, məğlub olan “Ayntraxt” ardıcıl 5-ci (!) rəsmi oyunda 3 top buraxdı. Son 11 rəsmi oyunda isə komandanın yalnız bir qələbəsi var. “Real”ın sabiq üzvü Vaskesin qolu sayəsində “Verder”i yenən “Bayer-04” rəsmi matçlarda 3 oyunluq məğlubiyyət seriyasına son qoydu. Daha bir əzmkar qələbəni “Maynst-05” qazandı. “Karnavalçılar” fasilədən sonra “Volfsburq”a 3 qol vuraraq evdə ardıcıl 2-ci qələbəni bayram etdilər. Nəinki turun, bəlkə də mövsümün ən böyük sürprizlərindən biri “Alyants Arena”da qeydə alındı.
Bavariya derbisində ilk baxışdan heç bir intriqa gözə dəymirdi. Düzdü, “Auqsburq” əvvəlki illərdə bir neçə dəfə Almaniya futbolunun flaqmanından xallar qoparmağa müvəffəq olub. Ancaq Münhendə “Auqsburq” son qələbəsini 2015-də qazanmışdı. İtonun qolu ilə fasiləyə öndə yollanan Vensan Kompaninin komandası matçın sonlarına yaxın qısa müddətdə iki qol buraxaraq əsl kabus yaşadı. Əvvəlcə qapıçı Urbiqin çıxışdakı kobud səhvindən sonra Artur Çaves başla topu tora göndərdi. “Bavariya” özünə gəlməmiş qonaqların baxımlı hücumu fransalı Massenqonun qolu ilə nəticələndi.
Beləliklə, son 3 ev oyununda 2-ci dəfə xal itirən “rekordmayster”in məğlubiyyətsiz seriyası başa çatdı. Artıq “böyük beşlik”də daxili çempionatda uduzmayan komanda qalmadı. Dortmund “Borussiya”sı bu “hədiyyədən” gözəl yararlandı.
“Arılar” gözlənilmədən səfərdə “Union”u rahatlıqla yendilər. Halbuki evdə çox yaxşı nəticələr qazanan paytaxt təmsilçisi fanatları önündə bu mövsüm hətta “Bavariya”dan da xal almışdı. Bundesliqada məğlubiyyətsiz seriyası 12 oyuna yüksələn “Borussiya” zirvə ilə xal fərqini 8-ə endirdi. Bu komanda cari “futbol ili”ndə 19 çempionat matçının 10-da, yəni 53 faizində qapısını toxunulmaz saxlayıb. Bu, PSJ ilə birlikdə “böyük beşliy”in ən yaxşı göstəricisidi. Digər tərəfdən, “böyük beşlik”də bu mövsüm heç bir oyunda qapısını toxunulmaz saxlaya bilməyən yeganə komanda da məhz bundesliqada çıxış edir. Söhbət “Haydenhaym”dan gedir. Bu komanda bu tur “Leyptsiq” önündə darmadağın olaraq 1 turluq fasilədən sonra yenidən sonuncu pilləyə yuvarlandı.
“Ştutqart” gözlənilmədən Münhenqladbaxdan böyükhesablı qələbə ilə döndü. Hesab 0:0 olarkən penaltini boşa vermək meydan sahiblərinə baha başa gəldi. Dekabrda “Bavariya” önündəki darmadağın “Ştutqart”ın son 10 turdakı yeganə məğlubiyyətidi. “Köln”dən üstün olan “Frayburq” isə evdəki məğlubiyyətsiz seriyanı 8 oyuna yüksəltdi.
19-cu tur
Bavariya – Auqsburq 1:2
İto, 23 – A.Çaves, 75. Massenqo, 81. (75000)
Bavariya: Noyer, Devis (Kimmix, 61), Ta, Kim Min Ce (F.Çaves, 85), İto (Bişof, 79), Pavloviç, Qoretska (Cekson, 79), Olise, Karl (Musiala, 61), Dias, Keyn.
Union – Borussiya D 0:3
Əmrə Can, 10-p. Şlotterbek, 53. Bayer, 84. (22012)
Borussiya: Kobel, Ryuyerson (Mane, 90+2), Əmrə Can (Anselmino, 69), Anton, Şlotterbek, Svensson, Bellingem, Nmeça (Salih Özcan, 90+3), Bayer, Fabio Silva (Çukvuemeka, 79), Girassi.
Bayer-04 – Verder 1:0
Vaskes, 37. (30000)
Bayer-04: Blasvix, Vaskes (Fernandes, 57), Kuansa, Andrix, Bade, Qrimaldo, A.Qarsiya (Palasios, 72), Maza (Artur, 72), Hofmann, Poku (Tillman, 57), Şik.
Ayntraxt F – Hoffenhaym 1:3
Kalimuendo, 18 - Moerştedt, 52. Ozan Kabak, 60. Amenda, 65-öz qapısına. (58500)
Ayntraxt: Santos, Kristensen, Kollins (Amaimuni, 72), Kox, Amenda, Braun, Skiri, Çaibi (Larsson, 61), Doan, Can Uzun (Knauff, 61), Kalimuendo (Bahoya, 72).
Haydenhaym – Leyptsiq 0:3
Baku, 62. Nusa, 68. Raum, 70. (14000)
Leyptsiq: Qulaçi, Baku (Henrixs, 90), Orban, Bitşiabu (Maksimoviç, 77), Raum (Finkqrafe, 77), Şlager, Zayvald, Baumqartner (Qomis, 72), Diomande, Nusa (Banzuzi, 71), Romulo.
Borussiya M – Ştutqart 0:3
Levelinq, 30. Skalli, 67-öz qapısına. Dəniz Undav, 74. (48844)
Ştutqart: Nübel, Vaqnoman, Yeltş, Şabo, Hendriks (Mittelştadt, 73), Ştiller (Andres, 79), A.Karazor, Buanani, Narti (Əl-Xannus, 79), Levelinq (Fürix, 60), Demiroviç (Dəniz Undav, 61).
Frayburq – Köln 2:1
Şerhant, 11. Matanoviç, 44 – Rozenfelder, 10-öz qapısına. (34700)
Maynts-05 – Volfsburq 3:1
Tits, 68. Bell, 73. Əmiri, 83-p. – Amura, 3. (30000)
Sankt Pauli – Hamburq 0:0
(29546)
1. Bavariya 19 16 2 1 72-16 50
2. Borussiya D 19 12 6 1 38-17 42
3. Hoffenhaym 18 11 3 4 38-22 36
4. Ştutqart 19 11 3 5 36-26 36
5. Leyptsiq 18 11 2 5 36-24 35
6. Bayer-04 18 10 2 6 35-25 32
7. Frayburq 19 7 6 6 31-32 27
8. Ayntraxt F 19 7 6 6 39-42 27
9. Union 19 6 6 7 24-30 24
10. Köln 19 5 5 9 28-32 20
11. Borussiya M 19 5 5 9 23-32 20
12. Volfsburq 19 5 4 10 28-41 19
13. Auqsburq 19 5 4 10 22-36 19
14. Hamburq 18 4 6 8 17-27 18
15. Verder 18 4 6 8 21-35 18
16. Maynts-05 19 3 6 10 21-32 15
17. Sankt Pauli 18 3 4 11 16-31 13
18. Haydenhaym 19 3 4 12 17-42 13
Bombardirlər: Keyn (Bavariya) – 21, Dəniz Undav (Ştutqart) – 11, Olise (Bavariya) – 10, Dias (Bavariya), Tabakoviç (Borussiya M) – 9.
Turun rəqəmi
27 – “Bavariya”nın bundesliqada 27 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı. Münhen nəhəngi daxili çempionatda sonuncu dəfə ötən ilin martında “Bohum”a uduzmuş və növbəti 27 turdan 22 qələbə, 5 heç-heçə ilə ayrılmışdı. Bu, “rekordmayster”in bundesliqadakı ikinci ən uzun məğlubiyyətsiz seriyası kimi tarixə düşdü. Ən heyrət doğuran məqam odu ki, “Bavariya”nın bu turnirdə rekord – 53 oyunluq məğlubiyyətsiz seriyasına da 2014-ün aprelində məhz “Auqsburq” son qoymuşdu!
Turun ulduzu
Nadim Əmiri (Maynts-05) – “Volfsburq”la oyunda bu futbolçunun 65-ci dəqiqədə meydana çıxması həlledici oldu. Əmirinin yerinə yetirdiyi hər 3 künc zərbəsi komandasına qollar və əzmkar qələbə qazandırdı. İlk künc zərbəsini komanda yoldaşı birbaşa qapıya göndərdisə, ikinci künz zərbəsi zamanı qapı önündəki qarışıqlıq qolla nəticələndi. Nəhayət, üçüncü künc zərbəsində qazanılan penaltini Əmiri özü dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirdi.
Turun sitatı
Lars Rikken, Dortmund “Borussiya”sının idman direktoru:
“Bavariya”nın uduzması bundesliqa üçün çox yaxşı haldı. Bu, onların məğlubedilməz olmadığını göstərir. Onları yenmək mümkündü. Ancaq biz diqqəti başqalarına yox, yalnız özümüzə yönəltməliyik. Bu mövsüm bir neçə qarşılaşmada əlavə vaxtda qələbəni əldən verməsəydik, ən azı indikindən daha çox xalımız olardı”.