Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qəbələdə yaşayan ailənin 7 yaşlı uşağını məktəbə qeydiyyata almırlar. Səbəb uşağın autizm xəstəsi olmasıdır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Qəbələ sakini Xəyalə Talıbova autizm xəstəsi olan uşağını psixoloqların rəyi olmasına baxmayaraq, iki ildir məktəbə yazdıra bilmir.
Xəyalə Talıbova iddia edir ki, 7 yaşlı oğlu artıq iki ildir təhsildən kənarda qalır. Onun sözlərinə görə, övladının adi qaydada məktəbə getməsi üçün bütün sənədləri qaydasında olsa da, uşağı qeydiyyata götürmürlər.
Uşağın nənəsi Solmaz Hacıyeva iddia edir ki, autizm xüsusiyyətləri daha qabarıq olan uşaqlar belə məktəbə gedə bildiyi halda, onların övladı qeydiyyata alınmır.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirildi ki, mövcud normativ hüquqi aktlara əsasən, sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə cəlb olunması yerli təhsili idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında həyata keçirilir. Valideynin müraciəti əsasında Talıbov Amin Sənan oğlunun təhsilalma imkanları rayon Psixoloji-tibbi-pedaqoji komissiyasında araşdırılıb. Komissiyanın rəyinə əsasən, hazırkı mərhələdə Amin Talıbovun inklüziv sinfə cəlb edilməsinin mövcud şərtlərə uyğun olmadığı qənaətinə gəlinib. Bu barədə valideynə rəsmi qaydada yazılı məlumat verilib. Eyni zamanda, uşağın ehtiyaclarına uyğun dəstək və xidmətlərdən yararlanması məqsədilə reabilitasiya müəssisəsinə yönləndirilməsi tövsiyə edilib.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)