Autizmli uşağı bağçada döydülər Valideynlər bunu bilməlidir

23.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Brain Academy” bağçasında autizmli uşağa müəllimin fiziki zorakılıq göstərməsi ilə bağlı hadisə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhlükəsizliyi məsələsini gündəmə gətirib.

“Yeni Sabah” mövzu ilə bağlı klinik psixoloq Nuriyyə Quliyevanın müsahibəsini təqdim edir:

- Autizmli autizmli uşaqların davranışında hansı xüsusiyyətlər olur? pizza sifarişi

- Autizm spektr pozuntusunun diaqnozunu həkim-psixiatr, daha dəqiq desək, uşaq psixiatrı qoyur. Ancaq valideynlər də uşaqlarını erkən yaşlardan müşahidə etməli, müəyyən əlamətlər gördükdə mütləq həkimə müraciət etməlidirlər.

Bu əlamətlərdən biri uşağın ünsiyyətindəki çətinliklərdir. Uşaq yaşıdları və digər insanlarla ünsiyyət qurmursa, qarşılıqlı oyuna qoşulmursa, sosial münasibətlərə maraq göstərmirsə, göz təması qurmursa və adına reaksiya vermirsə, bunlar diqqət yetirilməli məqamlardır. Bundan başqa, uşağın maraq dairəsinin məhdud olması, eyni oyuncaqla və ya davranışla təkrar-təkrar məşğul olması da autizmin əlamətləri sırasında yer ala bilər. Məsələn, uşağın əşyaları fırlatması, işığı dəfələrlə yandırıb-söndürməsi və fırlanan əşyalara xüsusi maraq göstərməsi təkrarlanan davranışlara aiddir. Bunlar stereotip davranışlar adlanır. Autizm spektr pozuntusu olan uşaqların nitq və ünsiyyət inkişafı fərqli ola bilər. Əgər uşaqda ünsiyyət çətinliyi, məhdud maraqlar və təkrarlanan davranışlar müşahidə edilirsə, mütəxəssis müayinəsi vacibdir.

Ən vacib məqamlardan biri uşaqlarla fərdi məşğələlərin aparılmasıdır. Uşaqların inkişaf xüsusiyyətlərinə uyğun təlim və dəstək proqramı hazırlanmalıdır. Bu prosesdə psixoloq, defektoloq və digər mütəxəssislər birgə çalışmalıdırlar.

 - Autizmli uşaqlar bağçalarda hansı təhlükələrlə üzləşə bilərlər?

- Əgər uşağın nitqi inkişaf etməyibsə və o, baş verənləri sözlə ifadə edə bilmirsə, bağçaya göndərilməzdən əvvəl fərdi məşğələlərə üstünlük verilməsi məqsədəuyğundur. Xüsusilə üç yaşına çatmamış uşaqların inkişaf xüsusiyyətləri nəzərə alınmalı, bu məsələdə tələsməmək lazımdır. Fərdi məşğələlər zamanı uşağın ehtiyaclarına uyğun inkişaf planı hazırlanır və həmin plan əsasında iş aparılır. Mütəxəssis uşağın qrup şəraitinə hazır olduğunu qiymətləndirdikdən sonra bağçaya başlaması barədə qərar verilə bilər. Bağçalarda uşaqların üzləşə biləcəyi əsas risklərdən biri başlarına gələn hadisələri danışa bilməmələridir. Nitqi olmayan və ya ünsiyyət qurmaqda çətinlik çəkən uşaqlar yaşadıqları xoşagəlməz halları valideynlərinə çatdırmaqda çətinlik çəkə bilərlər. Buna görə valideynlər uşaqlarını bağçaya göndərərkən diqqətli olmalı, onların inkişaf səviyyəsini və fərdi ehtiyaclarını nəzərə almalıdırlar.

- Müəllimlər autizmli uşaqlarla işləmək üçün xüsusi təlim keçməlidirlərmi?

- Bəli, müəllimlərin bu sahədə xüsusi bilik və bacarıqlara yiyələnməsi vacibdir. Hazırda xüsusi qayğıya ehtiyacı olan uşaqlara həm dövlət, həm də özəl bağçalarda və məktəblərdə rast gəlinir. Bu uşaqları cəmiyyətdən təcrid etmək olmaz. Onların cəmiyyətə inteqrasiyası üçün uyğun şərait yaradılmalıdır. Müəllim uşaqların psixologiyasını, inkişaf xüsusiyyətlərini və onlarla düzgün ünsiyyət qurma üsullarını bilməlidir. Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlara yanaşma metodlarını öyrənməli, onların fərdi ehtiyaclarını nəzərə almalıdır.

- Uşaq qışqıranda, ağlayanda və ya aqressiv davrananda müəllim necə davranmalıdır?

- Müəllimin əsas bacarıqlarından biri təmkinli və səbirli olmaq, uşağa qarşı empatiya göstərməkdir. Uşaq səbəbsiz yerə ağlamır, qışqırmır və ya aqressiv davranmır. Onu narahat edən hansısa vəziyyət, qarşılanmayan ehtiyac və ya ifadə edə bilmədiyi hisslər ola bilər. Belə hallarda müəllim ilk növbədə uşağın davranışının səbəbini müəyyənləşdirməyə çalışmalıdır. Onu sakit mühitə aparmaq, diqqətini yayındırmaq üçün oyuncaq vermək və sakitləşməsinə kömək etmək olar.

Autizm spektr pozuntusu olan bəzi uşaqlarda sensor həssaslıq da müşahidə edilir. Onlar müəyyən səslərdən, qoxulardan, işıqdan və ya insanların sıx olduğu mühitdən narahat ola bilərlər. Belə vəziyyətlərdə uşağın sakitləşməsi üçün uyğun şərait yaradılmalı, zərurət olduqda bağçanın psixoloqu ilə birgə işlənilməlidir.

- Bəzən uşaqlar evdə başına gələnləri demir. Bəs valideyn uşağın bağçada zorakılığa məruz qaldığını necə anlaya bilər?

- Bu, həssas və müəyyənləşdirilməsi çətin məsələlərdən biridir. Valideyn hər dəfə baş verənləri dərhal aşkar edə bilməyə bilər. Buna görə uşağın həm fiziki vəziyyətini, həm də davranışındakı dəyişiklikləri diqqətlə izləmək lazımdır.

Uşaq bağçadan evə qayıtdıqda bədənində göyərmə, yara və ya başqa izlərin olub-olmamasına diqqət yetirilməlidir. Eyni zamanda, onun davranışında dəyişikliklərə də fikir verilməlidir. Əgər uşaq bağçaya getmək istəmir, ora aparılarkən ağlayır, qışqırır və ya ciddi narahatlıq keçirirsə, bu reaksiyaların səbəbi araşdırılmalıdır. Valideyn bağçanın əməkdaşları ilə mütəmadi əlaqə saxlamalı, uşağın gün ərzində necə davrandığı və hansı vəziyyətlərlə qarşılaşdığı barədə məlumat almalıdır.

Bağçalarda yalnız uşaqlara deyil, əməkdaşların fəaliyyətinə də nəzarət və tələbkarlıq olmalıdır. Bu, bütün bağçalara və müəllimlərə güvənsizlik demək deyil. Vicdanla çalışan, uşaqlara düzgün yanaşan çoxlu müəllimlər var. Ancaq valideynlər bu məsələyə həssas yanaşmalı, uşağın davranışındakı dəyişiklikləri diqqətdən kənarda qoymamalıdırlar.

Uşağın ağlamasını, narahatlığını və ya etirazını sadəcə kapriz kimi qiymətləndirib keçmək olmaz. Bu davranışların arxasında müəyyən səbəblər dayana bilər və həmin səbəbləri araşdırmaq vacibdir.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью