Autizmli uşaqlar üçün terapiya necə aparılmalıdır? Açıqlama

02.09.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Autizm spektr pozuntusu olan uşaqların inkişafında erkən müdaxilə və düzgün dəstəyin göstərilməsi mühüm əhəmiyyət daşıyır. Autizm spektr pozuntusu olan uşaqların ünsiyyət, sosial bacarıq və davranış xüsusiyyətləri fərqli olduğundan, onlarla işləyən mütəxəssislərin yanaşması da fərdi ehtiyaclara uyğun olmalıdır.
Autizm spektr pozuntusu olan uşaqlarla işləyərkən psixoloqlar hansı yanaşmalardan istifadə etməlidir və valideynlər mütəxəssis seçərkən nələrə diqqət etməlidirlər?
Demokrat.az-a bu barədə açıqlama verən nevropsixoloq Aytəkin Aslan bildirib ki, autizm spektr pozuntusu olan uşaqların inkişafında erkən müdaxilə və düzgün dəstəyin göstərilməsi mühüm əhəmiyyət daşıyır:

"Xüsusilə ilk yaşlarda aparılan qiymətləndirmə uşağın ehtiyaclarının vaxtında müəyyənləşdirilməsinə və uyğun dəstəyin başlanmasına imkan verir. Uşaq nə qədər erkən və düzgün hazırlanmış inkişaf və xüsusi təhsil proqramına cəlb olunarsa, onun ünsiyyət, sosial qarşılıqlı əlaqə, özünəxidmət, oyun, öyrənmə və davranış bacarıqlarının inkişafı üçün bir o qədər çox imkan yaranır. Burada əsas məsələ yalnız müdaxiləyə erkən başlamaq deyil. Proqram uşağın fərdi xüsusiyyətlərinə uyğun hazırlanmalı, müdaxilənin intensivliyi ehtiyaca əsasən müəyyənləşdirilməli və proses davamlı şəkildə qiymətləndirilməlidir. Autizm spektri genişdir və eyni diaqnozu olan iki uşağın belə diqqət, sensor emal, ünsiyyət, emosional tənzimləmə və sosial bacarıqlar baxımından ehtiyacları tamamilə fərqli ola bilər. Buna görə də uşağa yalnız diaqnoz prizmasından yanaşmaq və bütün uşaqlara eyni proqramı tətbiq etmək düzgün deyil. Autizmli uşaqla işləyən mütəxəssis ilk növbədə uşağı tanımalı, onun güclü tərəflərini və çətinliklərini müəyyənləşdirməli, davranışlarının arxasında dayanan səbəbləri anlamağa çalışmalı və müdaxiləni məhz həmin fərdi ehtiyaclara uyğun qurmalıdır. Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, autizm spektr pozuntusu olan uşaqlarla işləmək böyük səbir, davamlılıq, empatiya və uşağa həqiqi maraq tələb edir. Bu sahədə çalışan mütəxəssis təkrarlardan yorulmamalıdır. Bəzən bir bacarığın formalaşması üçün eyni tapşırığı dəfələrlə və müxtəlif üsullarla təqdim etmək, uşağın fərdi öyrənmə tempinə uyğunlaşmaq lazım gəlir. Mütəxəssis “bunu artıq neçə dəfə demişəm” düşüncəsinə düşməməli, əksinə, uşağın həmin bacarığı niyə hələ mənimsəmədiyini və istifadə etdiyi metodun onun üçün uyğun olub-olmadığını yenidən nəzərdən keçirməlidir. Autizmli uşaqlarda xüsusi təhsil əsas istiqamətlərdən biridir. Loqopedik, psixoloji, davranış yönümlü və digər müdaxilələr də bu prosesi dəstəkləyir. Autizmli uşaqlarla işdə istifadə olunan yanaşmalardan biri də tətbiqi davranış analizidir. Bu yanaşmada uşağın konkret davranışları sistemli şəkildə müşahidə edilir, həmin davranışların hansı şəraitdə yarandığı və sonrasında nə baş verdiyi müəyyənləşdirilir. Daha sonra uşağa ünsiyyət, oyun, sosial qarşılıqlı əlaqə, təqlid, özünəxidmət və digər funksional bacarıqların öyrədilməsi üçün fərdi strategiyalar hazırlanır. Burada əsas məqsəd yalnız müəyyən davranışı azaltmaq deyil, uşağın həmin davranışın yerinə daha uyğun və funksional alternativdən istifadə etməsini öyrətməkdir. Məsələn, uşaq istəyini ağlamaq və ya özünə zərərvermə davranışı ilə ifadə edirsə, sadəcə həmin davranışı dayandırmağa çalışmaq əvəzinə, onun istəyini söz, jest, şəkil və ya alternativ kommunikasiya vasitəsilə ifadə etməsi öyrədilməlidir. Eyni zamanda uşağın terapiya zamanı qazandığı bacarıqları yalnız terapiya otağında deyil, evdə, məktəbdə və gündəlik həyatın müxtəlif situasiyalarında tətbiq edə bilməsi, yəni bu bacarıqları ümumiləşdirməsi də vacib hədəflərdən biridir".
Aytəkin Aslan vurğulayıb ki, xüsusilə davranış yönümlü yanaşma uşağa mexaniki şəkildə itaət etməyi öyrətmək kimi başa düşülməməlidir:
"Müasir və etik yanaşmada uşağın emosional vəziyyəti, ünsiyyət ehtiyacı, sensor xüsusiyyətləri və seçimləri nəzərə alınmalı, müsbət möhkəmləndirmədən istifadə edilməlidir. Uşağa qarşı qorxutma, alçaltma, qışqırmaq və fiziki cəza kimi yanaşmalara yol verilməməlidir. Uşaq ağlayanda, tapşırıqdan imtina edəndə və ya müəyyən davranışı təkrarlayanda ilk sualımız “bu davranışı necə dayandıraq?” deyil, “uşaq bu davranışla bizə nə deməyə çalışır?” olmalıdır. Çünki davranışın arxasında çox zaman uşağın ifadə edə bilmədiyi bir ehtiyac dayanır. Bəzən bizim üçün çox kiçik görünən bir addım uşağın inkişafında böyük irəliləyiş ola bilər. Yaxşı mütəxəssis də məhz həmin kiçik dəyişiklikləri görməyi və qiymətləndirməyi bacarmalıdır. Valideynlə əməkdaşlıq da bu prosesin ayrılmaz hissəsidir. Valideyn uşağı gündəlik həyatda ən çox müşahidə edən, onun ehtiyaclarını, həssaslıqlarını, maraqlarını və davranış xüsusiyyətlərini ən yaxşı bilən şəxslərdən biridir. Buna görə də mütəxəssis valideynlə qarşı-qarşıya dayanmalı deyil, onu dinləməli, fikirlərinə hörmət etməli və qərarvermə prosesinə cəlb etməlidir. Valideynin fikri ilə mütəxəssisin peşəkar yanaşması arasında fərq olduqda isə bunu mübahisə və qarşıdurma şəklində deyil, sakit, hörmətli və elmi əsaslarla izah etmək lazımdır. Çünki burada məqsəd kimin haqlı olduğunu sübut etmək deyil, uşağın mənafeyinə uyğun ən düzgün qərarı birlikdə müəyyənləşdirməkdir. Valideynlər mütəxəssis seçərkən onun yalnız diplom və sertifikatlarına deyil, autizm və neyroinkişaf sahəsində real təcrübəsinə, uşağa münasibətinə, istifadə etdiyi metodların elmi əsaslarına, terapiyanın məqsədlərini necə müəyyənləşdirdiyinə, nəticələri necə izlədiyinə və valideynlə necə əməkdaşlıq etdiyinə diqqət yetirməlidirlər. Əgər mütəxəssis uşağı daim susdurmağa, itaət etdirməyə və ya bütün fərqli davranışlarını aradan qaldırmağa çalışırsa, valideyn bunun səbəbini soruşmalıdır. Çünki məqsəd uşağın fərdiliyini dəyişdirmək deyil. Əsas hədəf onun həyat keyfiyyətini artırmaq, ünsiyyət imkanlarını genişləndirmək, özünü ifadə etməsini asanlaşdırmaq və gündəlik həyata daha müstəqil şəkildə uyğunlaşmasına kömək etməkdir. Mənim üçün yaxşı mütəxəssisin əsas göstəricilərindən biri uşağın nə qədər itaət etdiyini deyil, onun nə qədər yaxşı ünsiyyət qura bildiyini, ehtiyaclarını ifadə etmək imkanlarının artıb-artmadığını, özünü tənzimləmə bacarıqlarının necə inkişaf etdiyini və qazandığı bacarıqları real həyatda nə dərəcədə istifadə edə bildiyini qiymətləndirməsidir. Ən əsası isə uşaq mütəxəssisin yanına qorxu ilə getməməlidir. Terapiya uşağın özünü təhlükəsiz, qəbul olunmuş və dəyərli hiss etdiyi bir mühit olmalıdır. Çünki autizmli uşaqlarla işləmək yalnız metod bilmək deyil. Bu, eyni zamanda uşağı görmək, dinləmək, ona hörmət etmək və inkişaf yolunda səbirli şəkildə yanında olmaqdır".
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью