Autizmli uşaqlar Zəfər Gününə həsr olunan tədbirdə bacarıqlarını nümayiş etdiriblər

05.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 noyabr, AZƏRTAC

Zəfər Günü münasibətilə autizmli uşaqlarla bağlı fəaliyyət göstərən “Yaşam Psixoloji və Bərpa” Mərkəzində tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin rəhbəri Xəyalə Abbasova 8 Noyabr - Zəfər Gününün Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti nəticəsində Vətən müharibəsində qazanılan tarixi Qələbənin milli birlik, həmrəylik və vətənpərvərlik ruhunun təcəssümü olduğunu bildirib. Belə əlamətdar günlərin uşaqlarla birlikdə qeyd edilməsi isə onlarda Vətən sevgisinin, milli dəyərlərə bağlılığın formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

“Burada autizmli uşaqların fərdi inkişafına, sosial bacarıqlarının artırılmasına, cəmiyyətə inteqrasiyasına və potensiallarının üzə çıxarılmasına xüsusi diqqət yetirilir. Çünkü hər bir uşağın özünəməxsus bacarıqları var və əsas məqsəd həmin imkanları üzə çıxararaq onların müstəqil həyata hazırlanmasına dəstək olmaqdır”,-deyə mərkəz rəhbəri vurğulayıb.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Zəfər Gününün Azərbaycan xalqının birliyinin, əzminin və qəhrəmanlığının rəmzi olduğunu diqqətə çatdırıb. O, bu tarixi günün gələcək nəsillərə çatdırılmasının, uşaqlarda vətənpərvərlik hisslərinin aşılanmasının vacibliyini vurğulayıb. Deputat autizmli uşaqların cəmiyyətin bərabərhüquqlu üzvləri olduğunu qeyd edərək onların təhsil, inkişaf və sosial həyata inteqrasiyası istiqamətində birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova isə çıxışında ailələrin cəmiyyətin inkişafında və uşaqların formalaşmasında mühüm rol oynadığını bildirib. O, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial həyata daha fəal qoşulması üçün inklüziv mühitin inkişafının vacibliyini vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər cəmiyyətdə həssaslığın, anlayışın və sosial məsuliyyətin gücləndirilməsinə xidmət edir.

Tədbirin bədii hissəsində autizmli uşaqlar tərəfindən hazırlanan səhnəcik nümayiş etdirilib, mahnılar ifa olunub, şeirlər səsləndirilib. Uşaqlar öz çıxışları ilə iştirakçılara xoş anlar yaşadıb, istedad və bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət “Sehrli əllər” sərgisi ilə tanış olublar. Sərgidə nümayiş etdirilən əl işləri uşaqların yaradıcılıq qabiliyyətini, zəhmətini və fərdi yanaşmasını əks etdirib.

Tədbirin əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətini qeyd etməklə yanaşı, autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, onların istedad və bacarıqlarını nümayiş etdirmək, eləcə də inklüzivlik və sosial həmrəylik dəyərlərini təşviq etmək olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью