futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasında 11 turdan sonra qələbəsi olmayan “Araz-Naxçıvan” ciddi sınaq qarşısındadır.
Futbolpress.az-ın məlumatına görə, Yuri Maksimovun rəhbərlik etdiyi kollektiv II dövrənin birinci matçında lider “Neftçi” ilə üz-üzə gələcək. Noyabrın 22-də Şamaxıda baş tutacaq görüşə saat 14:30-da start veriləcək.
Komandalar arasındakı birinci dövrədəki oyun “Neftçi”nin 5:0 hesablı qələbəsiylə başa çatıb.
“Araz-Naxçıvan” 11 turdan sonra 4 xalla turnir cədvəlində 12 komanda arasında sonuncudur. Son turlarda performansını artıran naxçıvanlılar “Zirə” və “Şəfa” ilə 2:2 hesablı heç-heçə edib. Maksimovun komandası “Zirə” qarşısında 2:0 öndə olmasına baxmayaraq, son dəqiqələrdə buraxdığı qollarla qələbəni əldən verib. “Şəfa” ilə görüş komandanın əzmkarlığı ilə seçilib.
“Neftçi” isə hələlik liqanın ən stabil komandasıdır. “Qarabağ”, “Sabah”, “Turan Tovuz” kimi “üçlük”də yer alan komandalardan xal alan “ağ-qaralar” bu mövsüm cəmi 1 dəfə məğlub olub. 7 qələbə qazanan bakılılar üç dəfə də heç-heçəyə razılaşıb.
“Neftçi” ən yaxın izləyicisi “Sabah”ı 3 xal qabaqlayır. “Bayquşlar”ın aktivində bir oyun daha var. Potensial üç xalın kənarda olduğunu nəzərə alsaq, “ağ-qaralar” üçün zirvədə qalmağın əsas yolu məğlubiyyətsiz irəliləməkdir. Komandanın qışa qədər əsas sınağı “Zirə”yə qarşı olacaq. Növbəti rəqiblər isə ikinci “altılıq” təmsilçiləridir. Yuri Vernidubun yetirmələri bu fürsəti boşa verməməyə çalışacaq.
Şahin Cəfərov