Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək baş tutacaq “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatma mərasimi baş tutub.
Futbolpress.az xəbər verir ki, iştirakçı ölkələrin məşqçilər heyəti və hakimlərin qatıldığı tədbirdə idmançıların yarış proqramına uyğun çıxış ardıcıllığı, həmçinin qüvvələrini sınayacaqları məsafələr müəyyənləşdirilib.
Püşkatmanın nəticələrinə əsasən, beynəlxalq turnirin ilk gününə sentyabrın 29-da Füzulidə start veriləcək. Köndələn su anbarında təşkil olunacaq bu mərhələdə gənc avarçəkənlər kayak və kanoe üzrə 200 metr məsafədə finişə birinci çatmaq üçün mübarizə aparacaqlar.
Sentyabrın 30-u və oktyabrın 1-də isə reqata Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. İdmançılar burada bütün kateqoriyalar və məsafələr üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər.
Bundan əlavə, turnirdən öncə hakimlər kollegiyasının iclası təşkil olunub. Müzakirələr zamanı yarışların idarəetmə qaydaları, hakimlərin fəaliyyət çərçivəsi və texniki tələblər nəzərdən keçirilib. Eyni zamanda start və finiş xətləri dəqiqləşdirilib, fotofiniş sisteminin tətbiqi ilə bağlı hazırlıqlar tamamlanıb. Hakimlərə yarış prosesində diqqət yetirilməli olan əsas məqamlar xatırladılıb.
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində meydan sahibi Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq gənc avarçəkən medallar uğrunda mübarizə aparacaq.