Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın “Ural aviaşirkətləri” şirkəti 2023-cü ilin sentyabrında Novosibirsk vilayətində təyyarənin sahəyə məcburi enişi ilə bağlı 1 milyard rubldan çox sığorta ödənişi alıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS cinayət işi materiallarına istinadən məlumat yayıb.
Sənədlərə əsasən, aviaşirkətə 13,3 milyon dollar və əlavə olaraq 20,8 milyon rubl məbləğində sığorta vəsaiti ödənilib. Bununla belə, istintaqın qiymətləndirməsinə görə, hava gəmisinə dəyən real zərər 118,9 milyon rubl təşkil edib.
Hüquq-mühafizə orqanları müəyyən edib ki, təyyarənin yerə toxunması zamanı şassi yuvasının qapağı, mühərrikin üç pəri, təkərlər və əyləc sistemi zədələnib. Müdafiə tərəfi isə bildirib ki, zərərin həcmini müəyyən etmək üçün müvafiq ekspertiza aparılmayıb, hadisənin səbəbləri üzrə uçuş-texniki araşdırma isə səriştəsiz mütəxəssislər tərəfindən və pozuntularla həyata keçirilib.
Bundan əvvəl Omsk məhkəməsi Belyovla bağlı cinayət işini ittiham aktında yol verilən prosessual pozuntular səbəbindən prokurorluğa geri göndərib. Prokurorluğun qərardan verdiyi apellyasiya şikayəti isə yanvarın 20-də Omsk Vilayət Məhkəməsi tərəfindən təmin edilməyib.
Hadisə 12 sentyabr 2023-cü ildə baş verib. “Ural aviaşirkətləri”nə məxsus Airbus A320 təyyarəsi Soçidən Omska uçarkən hidravlik sistemlərdən birində nasazlıq yaranıb və ekipaj Novosibirskə eniş üçün icazə istəyib. Lakin güclü külək və yanacaq çatışmazlığı riski səbəbindən ekipaj komandiri təyyarəni Novosibirsk vilayətinin Ubinsk rayonu ərazisində buğda sahəsinə məcburi endirmək qərarı verib. Təyyarədə olan 167 nəfərdən beş sərnişinə tibbi yardım göstərilib.
Nuriyyə NATİQQIZI