Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ölkədə aviasiya, bankçılıq və milli təhlükəsizlik sistemlərinin işində yaranan ciddi fasilələrə görə Ağ Evin Milli Kibertəhlükəsizlik direktoru Şon Kernkrossu vəzifəsindən azad edib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-də minlərlə uçuşun ləğvinə və gecikməsinə yol açan aviasiya böhranı bu qərarın verilməsində həlledici rol oynayıb.
Ağ Evə yaxın anonim mənbə prezidentin Kernkrossun işdən çıxarılmasını tam dəstəklədiyini bildirib.
Məlumata əsasən, Milli Kibertəhlükəsizlik Direktoru səlahiyyətlərini müvəqqəti olaraq Müdafiə Nazirliyinin İnformasiya Texnologiyaları Direktoru (CIO) Kirsten Deyvis icra edəcək. Şon Kernkross isə vəzifədən kənarlaşdırılması ilə bağlı şərh verməkdən imtina edib.
Son bir həftə ərzində ABŞ-nin kritik texnoloji infrastrukturunda bir neçə ciddi fasilə qeydə alınıb. Ölkə üzrə hava nəqliyyatının idarəetmə sistemlərində yaranan nasazlıq minlərlə reysə təsir edib, “Microsoft”un elektron poçt xidmətlərində fasilələr yaranıb və ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) şəbəkəsində müvəqqəti dayanmalar baş verib.
Yaranmış vəziyyətə görə tənqid hədəfinə çevrilən Tramp administrasiyasının yüksəkvəzifəli kəşfiyyat rəsmisi çərşənbə günü açıqlama verərək baş verən nasazlıqların texniki xidmət və yenilənmələrlə bağlı olduğunu, bunun arxasında hər hansı əlaqələndirilmiş və ya xarici dövlət tərəfindən maliyyələşdirilən kiberhücumun dayanmadığını bəyan edib.
Qeyd edək ki, Şon Kernkross bu vəzifəyə təyin olunmazdan əvvəl Respublikaçı Milli Komitəsində (RNC) icraçı post tutub. Onun yerinə təyin ediləcək yeni namizəd yanvar ayından etibarən Demokratların nəzarətinə keçəcək ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.