Avrasiyanın bir “yaşıl” dəhlizi də Zəngəzurdan keçəcək

27.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Qlobal enerji sistemində etibarlı transsərhəd bağlantıları və tərəfdaşlıq

Müasir dünyada enerji təhlükəsizliyi məsələsi təkcə enerji ehtiyatla­rının istehsalı və istehlakı ilə məh­dudlaşmır. Geosiyasi dəyişikliklər, qlobal təchizat zəncirlərində yara­nan təhlükələr, yeni texnologiyala­rın sürətli inkişafı və bərpaolunan enerji mənbələrinin enerji balan­sında artan payı dövlətlər qarşısın­da yeni vəzifələr müəyyənləşdirir. Belə bir şəraitdə etibarlı trans­sərhəd bağlantıların yaradılması, enerji sistemlərinin birləşdirilməsi və uzunmüddətli beynəlxalq tərəf­daşlıqların genişləndirilməsi strate­ji əhəmiyyət kəsb edir.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Çinin Çindao şəhərində keçi­rilən “Kəmər və Yol” Enerji Tərəfdaşlığı­nın İdarə Heyətinin birinci plenar iclasın­dakı çıxışı da məhz bu reallıqların fonunda diqqət çəkir. Nazirin enerji təhlükəsizliyi narahatlıqlarının artdığı və yeni texnologi­yaların enerji tələbatının strukturunu dəyiş­dirdiyi bir dövrdə qlobal enerji sisteminin gələcəyinin etibarlı transsərhəd bağlantı­lardan və uzunmüddətli tərəfdaşlıqlardan asılı olduğunu vurğulaması da bunun bariz ifadəsidir. 

Pərviz Şahbazovun qeyd etdiyi kimi, heç bir ölkə müasir dövrün enerji çağırış­larına təkbaşına cavab vermək imkanına malik deyil. Bu baxımdan, “Kəmər və Yol” Enerji Tərəfdaşlığı Avrasiyanın gələcək enerji arxitekturasının formalaşmasında mühüm platforma kimi çıxış edir. Enerji ehtiyatlarını, texnologiyaları və maliyyə imkanlarını vahid əməkdaşlıq müstəvisində birləşdirən bu təşəbbüs istehsalçı, tranzit və istehlakçı ölkələri qarşılıqlı maraqlar əsa­sında bir araya gətirir.

Azərbaycan zəngin enerji resursları, əlverişli coğrafi mövqeyi, Şərq – Qərb və Şimal – Cənub istiqamətlərində formalaş­mış nəqliyyat və enerji infrastrukturu, eləcə də etibarlı tərəfdaş kimi qazandığı təcrübə ilə bu əməkdaşlığa mühüm töhfələr vermək potensialına malikdir. Ölkəmizin enerji si­yasətində son illər müşahidə olunan dəyi­şikliklər də göstərir ki, Azərbaycan ənənəvi enerji təchizatçısı rolunu qorumaqla bəra­bər, bərpaolunan enerji istehsalının və bey­nəlxalq elektrik enerjisi ticarətinin inkişafı­na əsaslanan yeni mərhələyə qədəm qoyur.

Yeni geoiqtisadi münasibətlər

Müasir enerji siyasətində regional elektrik enerjisi bağlantılarının əhəmiyyə­ti getdikcə artır. Bu infrastruktur elektrik enerjisi artıqlığı olan ölkələrlə tələbatın yüksək olduğu bazarları birləşdirməklə enerji sistemlərinin daha səmərəli fəaliy­yətinə imkan yaradır. Eyni zamanda, belə bir yanaşma Günəş və külək enerjisinin dəyişkən istehsalının balanslaşdırılmasına, ehtiyat güclərdən daha çevik istifadəyə və təchizat təhlükəsizliyinin möhkəmləndiril­məsinə xidmət edir.

Təsadüfi deyil ki, XXI əsr getdikcə daha çox “bağlantılar əsri” kimi qiymətləndirilir. Çünki bu, artıq təkcə ölkələri və bazarları birləşdirən fiziki infrastruktur deyil. Onlar iqtisadi əməkdaşlığın dərinləşməsinə, qar­şılıqlı asılılığın səmərəli idarə edilməsinə, yeni investisiya imkanlarının yaranması­na və regional təhlükəsizlik sistemlərinin möhkəmlənməsinə təsir göstərən strateji amil kimi diqqət çəkir. 

Azərbaycanın enerji siyasətində də bu yanaşma aparıcı istiqamətlərdən biridir. Energetika nazirinin Çinin Çindao şəhərin­də keçirilən “Kəmər və Yol” Enerji Tərəf­daşlığının İdarə Heyətinin birinci plenar iclasındakı çıxışında vurğuladığı kimi, ölkəmizin “yaşıl” enerji siyasətinin uzun­müddətli məqsədlərindən biri yeni isteh­sal güclərinin həm daxili tələbatın ödənil­məsinə, həm də elektrik enerjisi ixracının genişləndirilməsinə yönəldilməsidir. Bu baxımdan, 2032-ci ilədək yaradılması plan­laşdırılan 8 QVt gücündə Günəş və külək elektrik enerjisi istehsalı gücləri xüsusi əhəmiyyət daşıyır. 

Həmin güclər hesabına ölkənin artan elektrik enerjisi tələbatının, o cümlədən məlumat mərkəzlərinin gələcək enerji ehti­yaclarının qarşılanması və ixrac imkanları­nın genişləndirilməsi nəzərdə tutulur. Başqa sözlə, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın həm ener­ji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də qeyri-neft sektorunun inkişafına xidmət edən iqtisadi resursa çevrilir.

Orta Dəhlizdə enerji əməkdaşlığı

Azərbaycanın regional bağlantılarla bağlı strateji baxışı enerji və nəqliyyat si­yasətinin qarşılıqlı əlaqədə inkişaf etdi­rilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin regional təhlükəsizlik, iqtisadi inkişaf və enerji siyasətini strateji bağlan­tılar üzərində birləşdirən yanaşması Cənubi Qafqazla Mərkəzi Asiyanın vahid geoiqti­sadi məkanda daha sıx inteqrasiyası üçün geniş imkanlar yaradır.

Bu baxımdan, Orta Dəhlizin inkişafı təkcə yükdaşımaların həcminin artırılması və nəqliyyat marşrutlarının şaxələndirilmə­si ilə məhdudlaşmır. Eyni zamanda, onun mühüm enerji dəhlizinə çevrilməsi üçün də real perspektivlər formalaşır. Azərbaycan, Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən “yaşıl” enerji bağlantılarının yaradıl­ması, habelə bu sistemin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) vasitəsilə əlaqələndirilməsi qarşıda duran strateji vəzifələr sırasında yer alır. 

Belə layihələr Xəzər hövzəsinin enerji potensialının daha geniş coğrafiyaya çıxa­rılmasına, regional elektrik sistemlərinin inteqrasiyasına və yeni ixrac marşrutları­nın formalaşmasına xidmət edir. Bununla da Azərbaycan təkcə enerji istehsalçısı və tranzit ölkə kimi deyil, həm də müxtəlif re­gionları birləşdirən mühüm enerji qovşağı kimi mövqeyini getdikcə möhkəmləndirir.

Xəzərdən Avropaya “yaşıl” yol

Bu istiqamətdə strateji əhəmiyyət daşı­yan layihələrdən biri “Xəzər – Qara dəniz –Avropa Yaşıl Enerji Dəhlizi”dir. Layihə­nin əsas məqsədi Xəzər regionunun zən­gin bərpaolunan enerji potensialını Avropa bazarlarına çatdırmaqdır. Bu təşəbbüsün Azərbaycanın regional elektrik enerjisi ti­carətində rolunun genişləndirilməsi ilə bə­rabər, həm də Avropanın enerji təchizatının şaxələndirilməsinə və qitənin “yaşıl” enerji keçidinə də mühüm töhfə verəcəyi bildirilir. 

Layihənin texniki-iqtisadi əsaslandır­masının nəticələri onun həyata keçirilmə­sinin iqtisadi baxımdan cəlbedici olduğunu göstərir. 2032-ci ildən etibarən mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulan dəhlizin Azərbaycan və Gürcüstanı Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və digər Avropa enerji bazarları ilə birləşdirə­cəyi planlaşdırılır. Təxminən, 3 min kilo­metr uzunluğunda olacaq enerji dəhlizinin ötürmə gücünün mərhələli şəkildə 4 QVt-a çatdırılması nəzərdə tutulur. Layihənin re­allaşdırılması ilə regionda azı 8 QVt gü­cündə bərpaolunan enerji istehsalı imkan­larının yaradılmasına şərait yaradılacağı proqnozlaşdırılır. Hesablamalara əsasən, 2040-cı ildən etibarən bu marşrut vasitəsilə Avropaya ildə, təxminən, 20 milyard kilo­vatsaat elektrik enerjisinin ötürülməsi, eyni zamanda, layihə nəticəsində karbon emis­siyalarının 3,6 milyon tonadək azaldılması gözlənilir.

Bu göstəricilər layihənin təkcə iqtisadi və enerji baxımından deyil, ekoloji cəhət­dən də əhəmiyyətini ortaya qoyur. Belə ki, bərpaolunan enerji mənbələrinin istehsal və istehlak bazarları arasında əlaqələndiril­məsi Avropanın enerji keçidini sürətləndir­məklə bərabər, qlobal iqlim məqsədlərinə çatmağı da şərtəndirir. 

Layihənin əhəmiyyətini artıran di­gər amil isə onun Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi, təchizat mənbələrinin şaxələndirilməsi və “yaşıl” keçid priori­tetlərinə uyğunluğudur. Avropa Komissi­yasının Prezidenti Ursula Fon der Lyaye­nin Bakıya səfəri zamanı bu istiqamətdə siyasi dəstəyin bir daha ifadə edilməsi və “Aİ – Azərbaycan Bağlantılar Tərəfdaşlığı” təşəbbüsünün irəli sürülməsi məhz bunun bariz ifadəsidir. 

Bununla yanaşı, Aİ-nin “Qlobal qapı­lar” investisiya proqramı çərçivəsində Cə­nubi Qafqazda nəqliyyat, enerji və rəqəm­sal bağlantıların inkişafına 200 milyon avroyadək qrant ayrılması, bunun əsasında 2 milyard avroyadək dövlət və özəl inves­tisiyanın səfərbər edilməsi potensialı açıq­lanıb. Bu maliyyə imkanları regional inf­rastruktur layihələrinin həyata keçirilməsi və beynəlxalq investorların prosesə cəlb olunması baxımından əlavə perspektivlər yaradır.

“Yaşıl Enerji Dəhlizi”nin Aİ-nin 2026-cı il üzrə “Onillik Şəbəkə İnkişaf Planı”­nın layihəsinə daxil edilməsi də mühüm mərhələdir. Bu addım layihənin Avropanın gələcək enerji infrastrukturu ilə əlaqələn­dirilməsinə və qitənin enerji planlaşdırıl­masında nəzərə alınmasına imkan verir. Hazırda layihəyə Aİ-nin Avropa İttifaqının “Qarşılıqlı Maraq Doğuran Layihə” sta­tusunun verilməsi üçün müraciət prosesi yekunlaşmaq üzrədir. Belə statusun əldə olunması onun Avropa enerji siyasətində mövqeyini gücləndirməklə bərabər, maliy­yələşmə və investisiya imkanlarının geniş­lənməsinə də şərait yaradır. 

Hazırda dəhlizin coğrafiyasının ge­nişləndirilməsi istiqamətində Türkiyənin layihəyə qoşulması məsələsi də nəzərdən keçirilir. Qardaş ölkənin iştirakı Xəzər re­gionundan Avropaya bərpaolunan enerji ixracı üçün əlavə marşrutların formalaşdı­rılmasına, regional elektrik sistemlərinin daha sıx əlaqələndirilməsinə və layihənin iqtisadi səmərəliyinin yüksəldilməsinə im­kan verir. 

Burada əsas diqqət texniki-iqtisadi əsaslandırmanın nəticələrinin konkret in­vestisiya qərarlarına çevrilməsinə yönəl­dilib. Yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi nəzərdə tutulub. Bu ta­rix ekspertlər tərəfindən layihənin hazırlıq mərhələsindən icra dövrünə keçid təqvimi kimi dəyərləndirilib. 

Mərkəzi Asiya ilə enerji körpüsü

Azərbaycanın enerji bağlantıları strate­giyasında Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının ölkəmiz üzərindən Tür­kiyə və Avropa bazarlarına çatdırılması xü­susi yer tutur. Bu məqsədlə “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə işlər davam etdirilir.

Layihənin texniki-iqtisadi əsaslandır­ması Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə İtaliyanın “CESI S.p.A.” şirkəti hazırlayır. 2027-ci ilin mayında başa çatdı­rılması gözlənilən tədqiqatın birinci mər­hələsinə 2 milyon ABŞ dolları ayrılıb.

Layihənin əsas strateji üstünlüyü Azər­baycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birbaşa əlaqələndirilməsinə imkan yaratmasıdır. Bu, Xəzərin hər iki sahilində yerləşən dövlətlər arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəlmə­si, Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ixrac coğrafiyasının geniş­lənməsi və vahid regional enerji bazarının formalaşması baxımından əhəmiyyətlidir. 

Mərkəzi Asiya ölkələrinin zəngin Günəş və külək enerjisi potensialının Azər­baycanın mövcud enerji infrastrukturu ilə əlaqələndirilməsi regionun enerji resursla­rının beynəlxalq bazarlara çıxarılması üçün əlavə imkanlar yaradacaq. Bu əməkdaşlıq həm də Orta Dəhlizin enerji ölçüsünü güc­ləndirərək Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi inteqrasiyanın dərinləşmə­sinə xidmət edəcək.

Azərbaycanın regional enerji əməkdaş­lığı təkcə Mərkəzi Asiya ilə məhdudlaşmır. Gürcüstan, Türkiyə və Bolqarıstanla da bu istiqamətdə əlaqələr genişlənir. Dörd ölkə arasında bərpaolunan enerjinin inkişafı və ötürülməsinə dair Hökumətlərarası Sazişin, həmçinin Birgə Müəssisənin yaradılması üzrə Səhmdarlar Müqaviləsinin imzalan­ması nəzərdə tutulur.

Beləliklə, Xəzər hövzəsindən Mərkəzi Asiyaya, oradan Türkiyə və Avropaya uza­nan enerji əməkdaşlığı coğrafiyası tədricən genişlənir. Bu proses Azərbaycanın regio­nal enerji siyasətində təşəbbüskar mövqe­yini daha da möhkəmləndirir.

Naxçıvan “yaşıl” enerji qovşağına çevriləcək

Regional enerji bağlantılarının inkişa­fında Naxçıvan ərazisindən keçən “Azər­baycan – Türkiyə – Avropa Enerji Dəhlizi” də xüsusi əhəmiyyət daşıyır. Layihənin il­kin mərhələsində Naxçıvandan Türkiyəyə 1 QVt gücündə elektrik enerjisinin ötürül­məsi planlaşdırılır.

Bu məqsədlə 330 kV-luq “Cəbrayıl” yarımstansiyası tikilərək ölkənin enerji sis­teminə qoşulub. Növbəti mərhələdə Nax­çıvanda yeni 330 kV-luq yarımstansiyanın inşası, onun Cəbrayıl yarımstansiyası ilə 1000 MVt ötürmə qabiliyyətinə malik xət­lərlə birləşdirilməsi nəzərdə tutulub.

Artıq Cəbrayıl – Ağbənd xəttində iş­lər yekunlaşmaq üzrədir, Ermənistan sər­hədindən Naxçıvana qədər olan hissədə isə tikinti davam edir. Naxçıvandakı ya­rımstansiyanın təməli qoyulub. Layihə­nin son mərhələsində 400 kV-luq çevirici yarımstansiyanın və elektrik ötürücü xətlə­rin isə inşası planlaşdırılır.

Bu infrastrukturun TRIPP marşrutu vasitəsilə tamamlanması Xəzərin hər iki sahilində yerləşən türk dövlətlərinin enerji sistemlərini birləşdirən “Mərkəzi Asiya – Azərbaycan – Türkiyə” enerji körpüsünün formalaşmasına imkan yaradacaq. Belə bir bağlantı Azərbaycanın enerji ixracı üçün əlavə marşrut açmaqla yanaşı, regional enerji təhlükəsizliyinin möhkəmləndiril­məsinə və iqtisadi əməkdaşlığın genişlən­məsinə xidmət edəcək.

Prezident İlham Əliyevin də vurğula­dığı kimi, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti enerji şaxələndirilməsi və təhlükəsizliyi məsələlərinin hüdudları­nı aşır. Çünki bu siyasət ölkələr arasında yeni bağlantılar yaradır, qarşılıqlı münasi­bətlərin inkişafına və prosesə cəlb olunan dövlətlər arasında etimadın yüksəlməsinə şərait formalaşdırır.

Bu yanaşma enerji əməkdaşlığının daha geniş geosiyasi və geoiqtisadi məz­mun daşıdığını göstərir. Enerji infrastruk­turu vasitəsilə yaradılan qarşılıqlı maraqlar isə regional sabitliyin möhkəmləndiril­məsinə, dövlətlər arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərinin formalaşması­na müsbət təsir göstərir.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью