Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. İlk oyun günündə “Sumqayıt” “Zirə”ni, “Sabah” isə “Qəbələ”ni qəbul edəcək.
17:00 Sumqayıt – Zirə
Premyer Liqada avrokuboklara vəsiqə mübarizəsi aparan komandalar bu dəfə kubokda üz-üzə gələcəklər. Bu mövsüm Saşa İliçin rəhbərliyi altında yaxşı nəticələrlə seçilən “Sumqayıt” üçün avrokuboklara vəsiqəni kubok yolu ilə qazanmaq daha uyğundur. “Kimyaçılar” liqada dördüncü sırada olmasına baxmayaraq, bəzən heyətlə bağlı problemlər, bəzən oyunların alınmaması xal itkilərinə səbəb olur. “Sumqayıt” üçün kubok yolu daha asan görünür. Nəticəyə oynamağı bacaran “kimyaçılar” azı final oynamaq arzusundadır. Həlledici görüşdə isə hər şeyin mümkünlüyü klubu daha iştahlandırır.
“Zirə” Premyer Liqada ikinci dövrəyə uğurlu başlamayıb. “Neftçi” səfərindən bir xalla dönən “qartallar” son turda “Sabah”a 1:3 hesabıyla uduzub. “Zirə” məğlubiyyəti unutdurmaqçün kubokda yaxşı nəticəyə ümid edir. Rəşad Sadıqovun komandası kubokda finallar oynayıb və daha təcrübəlidir. Cütün duelində “qartallar” bir addım öndə görünür.
19:30 Sabah – Qəbələ
Premyer Liqada son turların ən formada iki komandasının dueli olacaq. “Sabah” çempionatda ardıcıl 7 oyundur, qələbə qazanıb. Ümumilikdə son 16 matçda məğlub olmayan “bayquşlar” həm liqada, həm kubokda mükafatçılardan olmaq arzusundadır. Sıx qrafikə baxmayaraq, kubok görüşü komandanın oyun ritmindən qopmaması üçün daha əlverişlidir.
“Qəbələ” isə liqada son sıralardan qurtulmağı bacarıb. Kaxaber Sxadadzenin komandası son iki turda qazandığı inamlı qələbələrlə autsayderlə fərqi böyüdüb və indi daha rahatdır. “Qəbələ” ölkə kubokunun titullu komandalarındandır. Sxadadze liqada son sıralarda olmalarına baxmayaraq, kubokda final oynamaq niyyətindədir.
Şahin Cəfərov